Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş birliyimiz işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsinə xidmət edir

TOLEYİS ilə AHİK arasında yaranmış sağlam iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi yönümündə pozitiv nəticələr əldə etmək üçün geniş imkanlar yaradır.

30.05.2024 23:36
11
A+
A-

Mayın 25-26-da İstanbul şəhərində Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçilərinin (TOLEYİS) Həmkarlar İttifaqının 15-ci Qurultayı  keçirilib.

Qurultayda “TÜRK-İŞ” Konfederasiyasının sədri Ergün  Atalay, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar      Möhbalıyev, Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gezim Kalaja, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Cumadildə uulu    Muradil, Türkiyənin və digər ölkələrin həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri və nümayəndə heyəti iştirak edib.

TOLEYİS Sendikasının sədri Cemail Bakındı qurultayda çıxış edərək 2023-cü il fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələyə, təbii fəlakətin miqyasına, onun fəsadlarına diqqət çəkib və bu ağrılı, acılı günlərdə Türkiyənin yanında olan, yardım əlini uzadan qonşu, dost ölkələrə təşəkkür edib. Sonra həmin ölkələrin həmkarlar ittifaqı qurumlarının rəhbərlərinə, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevə verilən dəstəyə, iştiraka və qardaş mövqeyinə görə mükafatlar təqdim olunub.

Sonra C.Bakındı təmsil etdiyi qurumun tarixi və fəaliyyət göstərdiyi sahələr barəsində məlumat verib. Nəzərə çatdırıb ki, Türkiyə həmkarlar ittifaqı hərəkatında yarıməsrlik tarixə malik     TOLEYİS Sendikası özünəməxsus inkişaf yolu keçib.

Bildirib ki, həmkarlar ittifaqı hərəkatı bir inam, ümid yeridir. Qəlbən inansanız uğur qazanacaqsınız.

TOLEYİS Sendikasının sədri qlobal həmkarlar ittifaqının üzərinə düşən vəzifə, birgə fəaliyyət, mübarizə yolları haqqında da danışıb.

C.Bakındı imperialist dövlətlərin dünyanın sülh və əmin-amanlığını pozduğunu və təhdid etdiyini vurğulayıb. Separatçı qüvvələrin Türkiyənin bütövlüyünə xələl gətirməməsi üçün var gücləri ilə mübarizə aparacaqlarını deyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək deyib ki, Azərbaycan və Türkiyə arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də möhkəmlənməkdədir. Dostluğumuzun davamlılığı və yaranmış inam ilk növbədə iki ölkə həmkarlar ittifaqının və işçilərin maraqlarına xidmət edir.

TOLEYİS-in tarixinə nəzər salsaq görərik ki, ən qabaqcıl həmkarlar ittifaqı  birliyi kimi, onun türk həmkarlar ittifaqı  hərəkatının inkişafında böyük xidmətləri vardır.

Türkiyə Otel, Restoran İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyəti dövrü ərzində həm  ölkə daxilində, həm də beynəlxalq arenada gördüyü işlər və həyata keçirdiyi tədbirlər nəticəsində nüfuzunun artmasına nail olmuş, üzvlərinin mənafeyinin layiqincə müdafiə edilməsi istiqamətində böyük nailiyyətlər əldə edərək dünya həmkarlar ittifaqları hərəkatında layiqli yerlərdən birini tutmuşdur. Bütün bunlar Konfederasiyanızın rəhbəri, mənim əziz dostum və qardaşım Cemail bəyin yüksək təşkilatçılığı nəticəsində əldə olunmuşdur.

TOLEYİS ilə AHİK arasında yaranmış sağlam iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi yönümündə pozitiv nəticələr əldə etmək üçün geniş imkanlar yaradır. Qloballaşmış  dünya həmkarlar ittifaqının qarşılaşdığı problemlərin aradan qaldırılmasında bizdən də həmrəyliyimizi gücləndirməyi və səmərəli təcrübə mübadiləsini genişləndirməyi tələb edir.

S.Möhbalıyev bildirib ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli lidermiz Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa     Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin söz sahibi olmasına imkan yaradıb. 

AHİK sədri vurğulayıb ki, 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması nəticəsində başlayan İkinci Qarabağ  müharibəsi 44 gün ərzində Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Müharibənin ilk günündən Türkiyə Azərbaycanın yanında olduğu kimi, Türkiyənin cənub-şərqində baş verən faciəvi zəlzələ zamanı Azərbaycan ilk dəqiqədən Türkiyənin yanında oldu.

Bununla yanaşı, AHİK və onun üzv təşkilatları da Türkiyə həmkarlar ittifaqları ilə həmrəy olmaqla, özünün maddi və mənəvi dəstəyini göstərdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və ikiotaqlı modul tipli ev - konteyner göndərdi.

Həmçinin zəlzələ qurbanlarına humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500.000 manat vəsait köçürdü.

Qeyd edək ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına 17.000 manat ianə etmişdi.

Bu gün mən də Azərbaycanın apardığı ədalətli müharibədə  göstərdikləri mənəvi dəstəyə görə Türkiyə dövlətinə, onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, bütövlükdə Türkiyə  xalqına və Türkiyənin həmkarlar ittifaqlarına bir daha dərin təşəkürümü bildirirəm.

Qardaş Türkiyə Respublikası bütün sahələrdə mühüm nailiyyətər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuza malik olan dövlət kimi Qarabağ və Zəngəzurda gedən bərpa-quruculuq işlərində də Azərbaycanın yanındadır.

Türkiyə həmkarlar ittifaqları ilə AHİK arasında görüşlərin, seçkili orqanların yığıncaqlarının keçirilməsi artıq ənənəyə çevrilmişdir. Mütəmadi olaraq Türkiyə və Azərbaycan həmkarlar ittifaqları arasında beynəlxalq həmkarlar ittifaqları hərəkatında baş verən hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparılır. İkitərəfli əməkdaşlıq barədə ilk müqaviləmizi də məhz türkiyəli həmkarlarımızla bağlamışıq.

Mən inanıram ki, yeni təsis etdiyimiz Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatı bizim qarşılıqlı fəaliyyətimizdə mühüm rol oynayacaqdır.

Yalnız beynəlxalq həmrəyliklə aclıq, işsizlik, diskriminasiyası halları, insan alveri, miqrasiya, müharibələrin yaratdığı çoxsaylı çətinliklər, ekoloji təhlükə kimi problemlərin qarşısını almaq mümkündür.

Sizi əmin edirəm ki, təkcə hökumətlərarası səviyyədə deyil, eyni zamanda xalqlar arasında da dərin kökləri olan bu qarşılıqlı qardaşlıq münasibətlərini həmkarlar ittifaqları çərçivəsində də möhkəmləndirəcəyik.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.  TOLEYİS-in Şurası təsis edilib  və tərkibi müəyyənləşib. Qurultayda keçirilən səsvermənin nəticəsinə görə, Cemail Bakındı yenidən TOLEYİS-in sədri seçilib.

Qurultayda AHİK sədri S.Möhbalıyevin başçılıq etdiyi nümayəndə heyəti- AHİK sədrinin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in sədri Hikmət Osmanov, “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev və digərləri iştirak ediblər.

ETİKETLƏR:

Foto