Nər oğulların nur balaları
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyev
Təxminən iki saatdan çoxdur yazımı necə, haradan başlayım deyə düşünürəm. Gün ərzində danışdığım, görüşdüyüm balacaların səsləri qulağımda cingildəyir. Qarışıq duyğular içində öz-özümə gah gülümsəyir, gah da qəhərə boğuluram.
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində onlarla söhbətləşmək, bir azca da dərdləşmək mənə qismət olduğu üçün özümü şanslı sayıram.
Qonaqlarım özləri kiçik, ürəkləri böyük olanlardır.
Adım HÜSEYNDİR. Birinci sinifdə oxuyuram. Tovuz rayonunda yaşayıram. Məktəbimi, müəllimimi, anamı, bacımı çox sevirəm. Böyüyəndə hərbçi olmaq istəyirəm. Sözünü kəsib sual verdim Hüseynə. Nə üçün həkim, müəllim, mühəndis və ya digər peşələr deyil, məhz hərbçi olmaq istəyirsən?
Hüseynin körpə, titrək səsi anidən məğrurlaşdı.
- Vətənimi atam kimi qorumaq istəyirəm. Onun kimi mən də düşmənləri öldürəcəm. Mənim atam çox güclü olub ey...Mən hərbçi olanda atamı məndən alan düşmənlərlə döyüşəcəm.
Hüseyn rayonda yaşadığı üçün onunla videoəlaqə yaratmışdım. Otaq yoldaşlarım, yəni “Ülfət”in yarı kollektivi Hüseynin səsini eşidirdi. Bir anlıq otaqdakı iş coşqusu sükutluğa çevrildi. Hər kəsin gözləri dolmuşdu. Hüznlü ortamı dəyişmək üçün dedim: Hüseyn, şəhidlər ölməz, onlar əbədiyaşardır, bilirsənmi?!
Hüseyn sözümü kəsib bilirəm, sən bilirsənmi, mənim atam qəhrəmandır,-dedi.
- Bilirəm, Hüseyn, tək mən deyil, bütün Azərbaycan bilir sənin atan qəhrəmandır, dedim.
Qeyd edim ki, Hüseyn şəhid Mahmudov Emin Pünhan oğlunun əmanətidir.
***
Növbəti balacamızın adı DAMLADIR. 3-cü sinif şagirdidir. Dərslərində əlaçıdır. Damla Ağdaş rayonunda yaşayır. Ən böyük arzusu isə riyaziyyat müəlliməsi olmaqdır. Bunlarla bərabər, Damlanın gözəl rəsm çəkmək qabiliyyəti də var. Həm də çox gülərüz, mehriban qızdır. Danışdıqca üzündəki təbəssüm insana rahatlıq gətirir, xoş təəssürat bağışlayırdı.
-Söhbət əsnasında soruşdum ki, Damla, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Sən uşaqların hansı hüququnun qorunmasını istəyərdin?
Bir az düşündükdən sonra “gülər üzünün” - dedi.
-Necə yəni?
-Uşaqlar həmişə gülsün istəyirəm, onlar heç ağlamasın, üzülməsin. Onların bu hüquqları qorunsun. Çünki uşaqlar üzüləndə ata və anaları, onları sevən hamı üzülür.
Damla qızımız şəhid Hüseynov Fərid Ehtibar oğlunun yadigarıdır.
***
GÜNAY görüşdüyüm digər uşaqlardan yaşca ən böyüyü idi. Yardımlı rayonunda yaşayır. 9-cu sinif şagirdidir. Danışdıqca necə əzmli, iradəli olduğunu hiss edirdim. Öz ayaqlarım üstə durmağı bacaran, atama-anama layiqli övlad olmaq istəyirəm - dedi. Günay həkim olmaq arzusundadır. Atasından da qürurla bəhs etdi: “Atam işdən gələndə saçlarımı hörürdü, onun çox xoşuna gəlirdi saçımı hörmək. Bizimlə oyunlar oynayırdı. Ən çox onun üçün darıxıram. Qalan hər şey yaxşıdır.
Günay şəhid Səfərov Saleh İrzaxan oğlunun əmanətidir.
***
BAHADUR 3-cü sinifdə oxuyur. Babək rayonunda yaşayır. Dərslərində əlaçıdır. Gələcəkdə o da hərbçi olmaq istədiyini bildirdi. 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı balaca balamızın uşaqlara arzusu məni kövrəltmədi desəm yalan olar. O, sadəcə, bütün uşaqların valideynlərinin yanında olmasını arzuladı. Bahadur əlavə etdi ki, məktəbdə dostlarını həmişə qoruyur, o, dalaşmağı sevmir, amma dostlarını qorumaq üçün nadinc uşaqlarla yeri gələndə dalaşa da bilər. Hüquqlarımı, haqqımı tapdalatmaram,- dedi.
Bahadura yenə də, acizanə olaraq, dalaşmaqdansa nadinclərdən uzaq olmağın daha faydalı olacağını söylədim.
Bahadur şəhid Novruzlu Ümid Bahadur oğlunun yadigarıdır.
***
AYSUNUN 5 yaşı var. Atası şəhid olanda Aysu 1 yaş 9 aylıq imiş. İngilis dilini də öyrənən Aysu savadı ilə yaşıdlarından fərqlənir. Dilli-dilavər qızımız şəhid İsrafilov Kənan Faiq oğlunun yadigarıdır.
***
Sonuncu balaca qonağımız nazlı-qəmzəli NƏSRİNDİR. 5 yaşlı Nəsrin rəqslə məşğuldur. Mən çox gözələm hamı məni sevir deyən Nəsrin söhbət zamanı şeir danışa bilərəmmi, - deyə soruşdu. Əlbəttə, - dedim.
Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!
De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?
Nəsrin İsgəndərov şəhid Əhmədağa Novruz oğlunun bizə yadigarıdır.
***
Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş igidlərimizin bir neçəsinin övladı ilə müsahibə zamanı əmin oldum ki, həqiqətən də ot öz kökü üstə bitərmiş. Onların övladları da hələ kiçik yaşlarından Vətənin müdafiəsində xidmət etməyi digər sahələrdən üstün tuturlar, müxtəlif sahələrdə ölkənin fəxri olmağına real namizəd olaraq yetişdirilirlər.
Onların ataları bizə Zəfər çalmış Azərbaycan qoyub getdi. Biz də əl-ələ verib uşaqlarımıza- gələcəyimizə çiçəklənmiş, suveren, daha da qüdrətlənmiş Azərbaycan miras qoymalıyıq.
Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir.
Bu cür nəcib təşəbbüsləri həmişə dəstəkləyən Azərbaycan həmkarlar ittifaqları da Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 205 şəhidin 356 nəfər azyaşlı uşağını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.
Əsli TELMANQIZI