Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Elektron resept”

həkimlərin daha operativ şəkildə xidmət göstərməsinə şərait yaradacaq

31.05.2024 00:09
21
A+
A-

2023-cü il aprelin 14-də Prezident İlham Əliyevin sərəncamı ilə “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na əsasən, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Reseptlərin elektron qaydada elektron sistemdə yazılması, aidiyyəti qurumların, bütün tibb müəssisələrinin və aptek təşkilatlarının həmin sistemə qoşulması” məqsədilə Səhiyyə Nazirliyi tərəfindən “Rəqəmsal resept” informasiya sistemi hazırlanmışdır.

Artıq yanvarın 1-dən etibarən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün tibb müəssisələrinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçilərinin həmin sistemə qoşulması təmin edilmişdir.

Məsələ ilə bağlı bir neçə həkimlə əlaqə saxladım. Onlardan sistemin tətbiqi ilə bağlı məlumat alarkən gileyləndiklərinin şahidi oldum. Həkimlər bu sistemin xeyli vaxt itkisinə gətirib çıxaracağını dedilər. Belə ki, əvvəllər reseptləri əl ilə yazıb tez xəstəyə təqdim edirdilərsə, indi bunu kompüter və ya smartfonlar vasitəsilə edəcəklər. Nəticədə də bu, növbələrin hədsiz dərəcədə uzanacağına və pasiyentlər arasında narazılığa səbəb olacağını bildirdilər. Bundan başqa, dedilər ki, artıq reseptlərdə yazılacaq dərmanların sayında da məhdudiyyətlər olacaq. Belə ki, 3-dən artıq dəmanın yazılmasına icazə verilməyəcək.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayevin yanaşması isə fərqli oldu. Dedi ki, elektron resept kağız reseptlərin elektron versiyasıdır və ən əsas üstünlüyü həkim, əczaçı və pasiyent arasında vahid bir platforma üzərindən reseptlərin idarə olunmasının təmin edilməsidir: “Artıq sistemin tətbiqinə başlanılıb. Həkimlərə sistem haqqında təlimlər də keçirilib. O ki qaldı elektron reseptlərin mahiyyətinə, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda vətəndaşların tibbi məlumatlara əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edəcək. Bilirsiniz ki, kağız reseptlər çox vaxt, həm pasiyentlərə, həm də əczaçılara çətinlik yaradırdı. Belə ki, əczaçılar həkimlərin xəttini oxuya bilmir, bəzi hallarda həkimə zəng edib dəqiqləşdirmək məcburiyyətində qalırdılar.

Bundan başqa, xroniki xəstəliyi olan və ya illərlə həkim nəzarətində olan xəstələr var ki, hər dəfə həkim qəbulunda olarkən əvvəlki vaxtlarda yazılan reseptləri həkimə təqdim etməlidirlər. Bəzən olur ki, pasiyent həmin resepti itirir və ya özü ilə götürməyi unudur, bu da həkimlər üçün çətinliyə səbəb olur. Ona görə də pasiyentə illər öncə yazılan dərmanlar belə sistemin yaddaşında qalacaq və həm pasiyent, həm də həkim istənilən vaxt sistemə daxil olub hansı dərmanın nə zaman, hansı dozada və necə tətbiq olunduğunu görə biləcəklər. Dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısının alınması da təmin olunacaq. Baxın, bütün bunlar bir platforma üzərindən həyata keçiriləcək.

O ki qaldı həkimlərin dediyi “növbə” probleminə, bu, digər inkişaf etmiş ölkələrdə də tətbiq olunan bir sistemdir. Yəni təcrübə nəticəsində tətbiqi həyata keçirilir. Əslinə baxanda heç bir fərq yoxdur, həkim əllə yazdığı resepti ya kompüter, ya da smartfon telefonu vasitəsilə yazacaq. Artıq həkimlərimizə də təlimlər keçirilib, düşünürəm, nə həkimlər, nə də pasiyentlər bununla bağlı bir problem yaşamayacaqlar. Bayaq da dediyim kimi, əksinə, bir sistem üzərindən bir neçə məsələ asan yolla həllini tapacaq”.

Səid müəllim həkimlərin yalnız 3 dərman yaza biləcəkləri məsələsinə də toxundu. Dedi ki, say məhdudiyyəti sonradan aradan qaldırıldı: “Elektron resept” sistemi, mövcud qanunvericiliyə əsasən, yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib. Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə ancaq istisna hallarda yazmaq mümkün olacaq. Yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən, lakin dövlət qeydiyyatında olmayan həmin dərman vasitəsi ölkəyə gətirilə bilər. O ki qaldı dərmanların hansı aptekdən alınması məsələsinə, pasiyentlər istədikləri aptekdən dərman ala bilərlər.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Bəzi həkimlər xəstəliyə görə adi dərmanlar əvəzinə eyni effektə malik, lakin daha bahalı firma dərmanları yazırlar. Daha bu problem də aradan qaldırılacaq. Belə ki, artıq dərmanın əmtəə-ticari adı qeyd olunmayacaq. Misal üçün, həkim hər hansı bir dərmanı yazarkən onun adını yox, tərkibini yazacaq. Əczaçı da həmin tərkibə uyğun dərman verəcək. Bəli, ola bilsin o xəstəlik üçün konkret dərman vasitəsi olsun, hansı ki, o dərman həmin xəstəliyə digər dərmanlara nisbətən daha yaxşı təsir etsin, o zaman həkim həmin dərmanın adını yaza bilər. Digər hallarda isə dərmanın əmtəə-ticari adı qeyd olunmayacaq. Bu da artıq firma dərmanlarının yazılması dövrünə son qoyacaq”.

Müsahibim sistemin istifadə qaydasına da aydınlıq gətirdi. Dedi ki, bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də ailəsindən olan digər şəxs də təqdim edə bilər: “Vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək. Onu da qeyd edim ki, əgər sistemin istifadəsi ilə bağlı çətinlik yaranarsa, sehiyye.gov.az və pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat və tam aydın şəkildə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər”.

Dağ kəndlərində internet problemi var. Bəs həmin sakinlər bu sistemdən necə istifadə edəcəklər? Onlar üçün güzəştlər nəzərdə tutulurmu?

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bütün ölkə ərazisi internetlə təmin olunub. Ona görə də sistem bütün ölkə ərazisi üçün keçərlidir. Məsələ ilə bağlı təkcə Səhiyyə Nazirliyinə deyil, bir neçə quruma tapşırıqlar verilib. Düşünürəm ki, hər hansı bir çətinlik yaranan zaman birbaşa məsul qurumların səlahiyyətləri çərçivəsində problem həllini tapacaq.

 

Aliyə ARİFQIZI

 

ETİKETLƏR: