Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bəs bu həcmdə vergini yığmağa vergi orqanlarının potensialı imkan verəcəkmi?

Vergi yığımlarında ancaq fiziki şəxslərin gəlir vergisinin payı azaldılacaq.

31.05.2024 00:17
10
A+
A-

Yenilənmiş büdcənin əsas gəlirlərini qeyri-neft vergiləri təşkil edəcək

 

Məlum olduğu kimi, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsi (dürüstləşmə) Milli Məclisə təqdim olunub və parlamentin müvafiq komitələrində maliyyə zərfinin yeni parametrləri müzakirə edilib. Yeniləşmədən sonra büdcənin gəlirlərinin 2 milyard 180 milyon manat və ya 6,4 faiz artırılaraq 36 milyard 353 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcədə neftin bir barelinin qiyməti hazırkı 60 dollardan 75 dollara qaldırılır və neft-qaz sektoru üzrə daxilolmaların da həcminin artırılmasına qərar verilib. Ancaq bütün bunlara baxmayaraq, büdcə gəlirlərinin artımı heç də neft-qaz sektoru hesabına təmin olunmayacaq, gəlirlərin əsas sütununu vergi daxilolmaları təşkil edəcək.

Belə ki, büdcə gəlirlərin əsas mənbəyini, təxminən 60 faizini və ya 1,3 milyard manatını qeyri-neft yığımları təşkil edəcək. Neft gəlirlərinin məbləği cəmi 605 milyon manat təşkil edəcək ki, bu da cəmi gəlirlərin 28 faizi deməkdir. Digər qalan gəlir mənbələri Mərkəzi Bankın (MB) mənfəətindən (250 milyon manat) daxilolmalar, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü ilə bağlı yaranan gəlirlər olacaq. MB köçürmələri ilə birlikdə qeyri-neft sektoru üzrə isə büdcə daxilolmaları 1 milyard 575 milyon manat artacaq. Bu isə o deməkdir ki, büdcənin 2.2 milyard manat artımı neft-qaz sektoru hesabına deyil, qeyri-neft yığım mənbələrinin genişlənməsi hesabına təmin olunacaq.

Büdcənin qeyri-neft yığım mənbələrinin əsas sütunları isə vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar olacaq. Belə ki, Dövlət Vergi Xidməti büdcə gəlirlərinin 15,3 milyard manata yaxını təmin edəcək ki, həmin vəsaitin cəmi 4,5 milyard manatı və ya 30 faizi neft sektorunun, 10,7 milyard manatı və ya 70 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir. Eləcə də Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların məbləği 6,4 milyard manat təşkil edəcək. Dövlət Neft Fondundan transfertin məbləği 35,1 faiz və ya 12,7 milyard manata bərabər olacaq.

Ümumilikdə isə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin məbləği 18 milyard 584 milyon manat (51,1 %), neft gəlirlərinin məbləği isə 17 milyard 769 milyon manat (48,9 %) təşkil edəcək. Yəni büdcədə qeyri-neft fiskal yığımlarının həcmi neft-qaz yığımlarından 800 milyon manat çox olacaq.

Beləliklə, Vergi Xidməti qeyri-neft sektorundan 10,7 milyard manat vergi toplamalı olacaq.

2024-cü ilin ilk 4 ayında vergi yığımlarının dinamikası göstərir ki, vergi porqanları tərəfindən qeyri-neft sahələrində toplanan vergilərin həcmində əhəmiyyətli dərəcədə artımlar baş verib. Belə ki, yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon manat təşkil edib ki, bu da proqnozdan əlavə 954,2 milyon manat vəsait deməkdir. Həmin vergilərin 4,5 milyard manatı qeyri-neft sektorundan vergi daxilolmalarıdır. Həmin sahələrdən toplanan vergilərin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 milyard 522,6 milyon manat təşkil edib. Bu o deməkdir ki, vergi orqanları hər ay təxminən 250 milyon manat əlavə vergi toplamaq iqtidarındadır ki, onun da mütləq əksəriyyəti qeyri-neft sektorundan yığılır.

Vergi yığımlarında əsas mənbə kimi aktiv ƏDV ödəyicilərinin payı xüsusilə daha çox diqqəti cəlb edir. Həmin ödəyicilərin sayı cari il may ayının 1-nə qədər 5,3 faiz artaraq 48,1 min təşkil edib ki, bu da ƏDV yığımlarının artımında mühüm rol oynayıb. Bu səbəbdən mövcud yığım imkanları nəzərə alınaraq yenilənmiş büdcədə ƏDV üzrə proqnoz 8 milyard 68,9 milyon manata çatdırılıb. Bu, mövcud proqnozla müqayisədə 6,3 % və ya 477,9 milyon manat çoxdur. ƏDV üzrə daxilolmaların   3 milyard 647,9 milyon manatını Dövlət Vergi Xidməti, 4 milyard 421 milyon manatını Dövlət Gömrük Komitəsi təmin edəcək.

Bundan başqa, büdcədə mənfəət vergisi üzrə də daxilolmaların həcmində ötən 4 ayda artımlar müşahidə edilib və bu vergi növü üzrə yığımlar proqnozdan xeyli üstün olub. Bu səbəbdən yenilənmiş büdcədə hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz 19,2 % və ya 1 milyard 87 milyon manat artırılır. Bununla da dövlət büdcəsinin gəlirlərinin          6 milyard 762,6 milyon manatını və yaxud 18 %-ni hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar təşkil edəcək. Eləcə də 2024-cü ilin ötən 4 ayında sadələşdirilmiş vergi üzrə də yığımlarda artım qeydə alınıb. Bu dinamika nəzərə alınaraq həmin vergi üzrə də plan təxminən 40 milyon manat artırılaraq 373 milyon manata çatdırılıb.

Vergi yığımlarında ancaq fiziki şəxslərin gəlir vergisinin payı azaldılacaq. Belə ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 1 milyard 810 milyon manatının və yaxud 5 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi nəzərdə tutulur ki, bu da mövcud müqayisədə 4,5 % və ya 85 milyon manat azdır. Bunun isə əsas səbəbi cari ildə bir çox sahələrdə fiziki şəxslərin gəlir vergisi üzrə güzəşt və azadolmaların əhatə dairəsinin artırılması, optimallaşdırma tədbirləridir.

Beləliklə, 2024-cü ilin yenilənmiş büdcəsində əsas fiskal güc və balans vergi orqanlarının üzərinə düşəcək. Bu sahədə son illərdə müşahidə edilən vergi yığımı aktivliyi isə büdcədə nəzərdə tutulmuş plandan əlavə il ərzində illik təxminən 2 milyard manat əlavə vergi toplamaq potensialının mövcud olmasını şərtləndirir. Məhz bu reallıqlar fonunda yenilənmiş büdcədə vergi orqanları qarşısında qoyulmuş əlavə 1,5 milyard manat vəsaitin toplanmasında heç bir çətinliyin olmayacağını söyləmək mümkündür. Hətta vergi orqanı tərəfindən həmin planın yerinə yetirilməsindən sonra yenə də əlavə vergi toplanacağı gözlənilir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: