Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Aktual məsələlər müzakirə olunub

AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək ölkəmizdə investisiyaların bir qisminin hazırda iqlim tədbirlərinə və ətraf mühitin dayanıqlılığına yönəldiyini deyib.

12.06.2024 12:21
21
A+
A-

Mayın 24-də Brüssel şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı ərəfəsində  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələri ilə məsləhətləşmələr keçirilib. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təklifi ilə baş tutan görüşdə çox aktual məsələlər müzakirə edilib və təkliflər irəli sürülüb.

İlk çıxış edən BHİK-in Qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel deyib ki, insanlara və ekosistemlərə iqlim təsirləri gözlənildiyindən daha qabarıq və şiddətlidir. Uyğunlaşma tədbirləri davamlılığı effektiv şəkildə artıra bilər, lakin görüləcək işlər daha çox maliyyə tələb edir. Dünya iqlim böhranının bir nömrəli səbəbi olan qalıq yanacaqların yandırılmasından tezliklə uzaqlaşmalıdır. İqtisadiyyatlar sürətlə karbonsuzlaşdırılmalıdır. Sadalanan problemlər bütün dünyanı əhatə etdiyi üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 190-dan çox dövlət qoşulub. Bu dövlətlər müxtəlif tədbirlər (konfrans, seminar, görüşlər) keçirərək “yaşıl enerji”yə keçidin reallaşmasını və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışır. Tədbirlər arasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Paries (COP)) xüsusilə əhəmiyyətlidir. Sayına görə 29-cu konfrans (COP29) cari ilin noyabr ayında Bakıda keçiriləcək və bu tədbir hamımız üçün mühüm əhəmiyyət daşıyır. Həmkarlar ittifaqı olaraq, iqlim dəyişikliyi ilə mübarizə və daha təmiz, davamlı dünyaya ədalətli keçid tərəfdarıyıq. Ədalətli keçid aşağıkarbonlu iqtisadiyyata keçid zamanı işçilərin və onların icmalarının gələcəyini və dolanışıq vasitələrini təmin edir, qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi qədər effektiv şəkildə məhdudlaşdırır.

Pan Avropa Regional Şurasının İcraçı katibi Anton Leppik isə “Avropa Yaşıl Sazişi”nin hazırlanma səbəbini diqqətə çatdırıb. Deyib ki, məqsəd iqlim, enerji, nəqliyyat və vergitutma siyasətlərinin istixana qazlarını 2030-cu ilədək ən azı 55 faiz azaltmasını təmin etməkdir. Təmiz enerjiyə əsaslanan dairəvi iqtisadiyyatın qurulması müasir dövrün ən mühüm iqtisadi vəzifələrindən biridir. Davamlı iqtisadiyyat təmiz texnologiyalar üçün tədqiqat və inkişafı sürətləndirəcək vasitələr yaradacaq və sosial məqsədlərə töhfə verəcək.

AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək ölkəmizdə investisiyaların bir qisminin hazırda iqlim tədbirlərinə və ətraf mühitin dayanıqlılığına yönəldiyini deyib. Bildirib ki, ölkə prioritemiz geotermal enerjidən tutmuş, hidroenerji və külək enerjisinə qədər, təbiətin bəxş etdiyi bərpaolunan enerji ehtiyatlarına keçidi maliyyələşdirməkdir. Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. Ölkəmizin məhz iqlim dəyişmələrinin qarşısının alınması, ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasının həcminin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər bu qərarın qəbul edilməsində öz rolunu oynayıb. Azərbaycan üçün COP29 konfransına ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Tədbirin çoxsaylı iştirakçıları və qonaqları ölkəmizdə gedən quruculuq işlərini, ətraf mühitin mühafizəsinə göstərilən diqqəti, iqlim dəyişmələri ilə mübarizəni əyani görə biləcəklər. Dünyanın hər yerindən gəlmiş insanlar işğaldan azad olunmuş ərazilərimizdə erməni ekosidinin vurduğu zərbələrin nəticələrini aradan qaldırmaq üçün həyata keçirilən işləri də əyani görəcəklər. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bu sətirlərin müəllifi Azərbaycan həmkarlar ittifaqlarının “yaşıl” iş yerlərinin yaradılması, iqlim dəyişikliyi və ədalətli keçid üzrə fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, AHİK BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik” sənədində əks olunan, “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutan və universal xarakter daşıyan DİM-lərin fonunda, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edib. Yaşıl iş yerlərinin yaradılması üçün ən səmərəli yol və metodların müəyyənləşdirilməsi məqsədilə 2019-cu ilin dekabr ayında Bakıda BƏT-in dəstəyi ilə Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları üçün seminar keçirilib.

2021-ci ildə “Azərbaycan Respublikasında yaşıl iş yerlərinin yaradılması yolu ilə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata ədalətli keçid üçün həmkarlar ittifaqı strategiyası” hazırlanıb.

2023-cü ildə (may, oktyabr) Bakıda və Qazaxıstanın Şimkənd şəhərində keçirilmiş beynəlxalq seminarlarda Azərbaycan və Qazaxıstan Həmkarlar İttifaqları konfederasiyalarının iqlim dəyişikliyi zamanı həmkarlar ittifaqlarının fəaliyyəti barədə siyasətləri və ekoloji strategiyalarının təqdimatı keçirilib.

COP29 Konfransının Bakıda keçirilməsi ilə bağlı qərardan sonra BƏT və BHİK öz məktublarında Azərbaycanı güclü həmkarlar ittifaqı hərəkatının olduğu ölkə kimi qəbul edərək, konfrans öncəsi bir sıra önəmli tədbirlərin Bakıda təşkil edilməsini planlaşdırıb. Belə ki, cari il sentyabrın 24-25-də AHİK-in təşəbbüsü və BƏT AKTRAV mütəxəssislərinin dəstəyi ilə Bakıda Afrika, Asiya və Cənubi Amerika həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin iştirakı ilə “İqlim dəyişikliyi və ədalətli keçid, həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda dəyirmi masa keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 26-27-də isə BƏT AKTRAV, BHİK PARŞ-a daxil olan ölkələrin və Qlobal Həmkarlar İttifaqları Federasiyaları nümayəndələrinin iştirakı ilə Avropa Mərkəzi Asiya Regional Konfransı Bakıda keçiriləcək.

Bir məsələni də diqqətə çatdırım ki,  Almaniyanın Bonn şəhərində BMT-nin beynəlxalq iqlim konfransı çərçivəsində iyunun 5-də Azərbaycanın COP29-un sədri kimi növbəti tədbiri təşkil edilib. Bu tədbirdə bir neçə məsələnin müzakirəsi aparılıb. Qeyd edim ki, qlobal iqlim dəyişikliyi bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Azərbaycanın COP29-a sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülhə və təhlükəsizliyə dəstək verməkdir. Bunu ölkəmizin başçısı çıxışlarında da vurğulayıb.

Bonn şəhərində keçirilən konfransın əsas ideyası iqlim dəyişikliyinin nəticələrini bir daha vurğulamaqdır. Burada həm də iqlim dəyişikliyinin qlobal fəsadlarını aradan qaldırmaq istiqamətində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılır.

Bütün bu keçirilən və keçiriləcək tədbirlərdə əsas məqsəd Bakı konfransına ən yaxşı hazırlığın təmin edilməsinə nail olmaqdır.

 

Namiq HÜSEYNOV,

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri

ETİKETLƏR: