Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xalqımızın gələcəyinin xilas tarixi

Həmin dövrdə Heydər Əliyevin ətrafında birləşmək üçün bir platforma da var idi. Bu, Yeni Azərbaycan Partiyası idi.

12.06.2024 13:24
8
A+
A-

“Bu gün ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Bu uğurların əsası isə 15 İyun - Milli Qurtuluş Günündən qaynaqlanır. 15 İyun tarixi ondan sonrakı böyük bir tarixi mərhələnin eskizlərini cızmış oldu”. Bunu qəzetimizə müsahibəsində Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu bildirib.

Milli Məclisin deputatı deyib ki, Azərbaycan yenidən müstəqilliyini qazansa da,1990-cı illərin əvvəlində ölkədə dərin xaos hökm sürürdü. Həm milli təhlükəsizliyimizə, həm də dövlət təhlükəsizliyimizə çox ciddi təhdidlər vardı. Bir tərəfdən Ermənistan torpaqlarımızı işğal edirdi. Digər tərəfdən ölkədə yarıtmaz hakimiyyət mövcud idi. Bakıda hakimiyyət uğrunda mübarizə, siyasi intriqalar səngimirdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü faktiki olaraq dövlət idarəçiliyində tam səriştəsizliyini nümayiş etdirmiş oldu. Ona görə də qeyd etmək olar ki, ölkədə bir hakimiyyətsizlik mühiti yaranmışdı. Sözsüz ki, belə bir vəziyyət xalqımızı, dövlətimizi də faktiki olaraq təhlükə altına qoymuşdu.

Ciddi sınaq və tarixi seçim qarşısında olan Azərbaycan xalqı müdrik qərar verərək çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Onun hakimiyyətə gəlməsi üçün israrla müraciət etdi.

Həmin dövrdə xalqımızın həmrəyliyini təmin edən yeganə qüvvə Heydər Əliyev idi. Yalnız o, malik olduğu yüksək dövlət idarəçiliyi təcrübəsi sayəsində dövlət idarəetmə sistemini qura və dövlətçiliyimizi xilas edə bilərdi.

Həmin dövrdə Heydər Əliyevin ətrafında birləşmək üçün bir platforma da var idi. Bu, Yeni Azərbaycan Partiyası idi. Belə bir platformanın mövcudluğu fonunda da artıq Azərbaycan xalqının həmrəyliyinin təmin olunması, dövlətçiliyimizin xilası, gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsi, praktiki addımların atılması, ümumiyyətlə isə, strategiyanın hazırlanması imkanları formalaşmışdı. 

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var. Bu, Xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir.

Elşad Mirbəşir oğlu bildirib ki, Ulu Öndərin atmış olduğu ilk addımlardan biri də Ermənistanın ölkəmizə qarşı olan aqressiv siyasətinin dayandırılması idi.  

Bunun ardınca milli iqtisadi sistemin formalaşdırılması prosesi başladıldı. Müdafiənin təşkili və həmin dövr üçün ən vacib məsələlərdən olan xarici təsir imkanlarının da yaradılması baxımından Milli Ordu quruculuğu həyati vacib əhəmiyyət kəsb etdirdi. Qısa zaman kəsiyində sonrakı mərhələdə diplomatiyamızın da keçərliliyini təmin edəcək güclü ordu quruculuğu işləri aparıldı. Həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlar işğalçı Ermənistanı 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek protokoluna imza atmağa məcbur etdi. Bu, Azərbaycan üçün bir nəfəslik rolunu oynadı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra intensiv şəkildə ərazilərimizin erməni işğalından azad olunması üçün işlər apardı. Təkcə keçmiş münaqişə vəziyyətinin ədalətli tənzimlənməsi istiqamətində 500-ə qədər görüş keçirmişdi. Ona görə də biz deyirik ki, ərazilərimizin işğaldan azad olunması istiqamətində ilk tutarlı addımlar Ulu Öndər tərəfindən atılmış oldu.

Heydər Əliyevin qurmuş olduğu strategiyanı cənab Prezident İlham Əliyev yeni reallıqlara uyğun unikal şəkildə zənginləşdirdi, davam etdirdi. Ulu Öndərin əsasını qoymuş olduğu müxtəlif xarakterli resurslar potensialını daha da inkişaf etdirdi.

2020-ci ildə məhz bu imkanlar sayəsində, güclü Ordumuz, diplomatik mövqelərimiz vasitəsilə biz torpaqlarımızı Ermənistanın işğalından azad etdik. Və bundan sonra da Ermənistanı sülhə məcbur etmək siyasətini uğurla həyata keçirdik. 2023-cü ilin sentyabrında aparılan uğurlu antiterror əməliyyatı sayəsində bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. 

Bütün bunlara istinad edərək deyə bilərik ki, Vətən müharibəsində tarixi qələbəmizin ilkin elementləri hələ Ulu Öndərin rəhbərliyi dövründə yaradılmışdır. Beləliklə, 15 İyun tarixi dövlətçiliyimizin, müstəqilliyimizin və ümumiyyətlə, xalqımızın gələcəyinin xilası tarixidir.

Azər MUSTAFAYEV

ETİKETLƏR: