Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir

.

12.06.2024 14:29
7
A+
A-

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. İslam dinində bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.

“Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını tarixi Zəfər qazanmış xalqımız işğaldan azad olunmuş ərazilərimizdə yenidən bərpa edilən məscidlərimizdə minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayacaq”. Bu sözləri qəzetimizə müsahibəsində Novxanı qəsəbəsi, “Həmzə” məscidinin imamı Hacı Nazim Bağırov bildirib.

O deyib ki, müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirəcəklər.

Qurban bayramı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə iyunun 16-na təsadüf edəcəkdir. Həmin gün məscidlərimizdə Bayram namazları qılınacaqdır. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. Ölkəmizdə Qurban bayramı günləri dövlət tərəfindən qeyri-iş günü elan olunub.

Qurban bayramına dair hökmlərə və şəriət qaydalarına əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyrulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin mübarək hədisinə əsasən, “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir.   Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Qurban bayramı peyğəmbərimiz İbrahimin əhdi və oğlu İsmayılın dəyanəti ilə bəşər tarixində iz qoyan bir gündür. Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır.

Azər MUSTAFAYEV

ETİKETLƏR: