Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsildə davamlılıq

.

12.06.2024 15:34
3
A+
A-

Mən və kolleqalarım təhsil üzrə mütəmadi olaraq müsahibələr aparır, bu sahədə cəmiyyəti narahat edən və özümüzə də qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirməyə çalışmışıq. Məqsədimiz ölkənin gələcək inkişafına mane olan çatışmazlıqları işıqlandırmaq və onların aradan qaldırılmasına, az da olsa, dəstəyimizi göstərməkdir. Bu gün sizinlə təhsildə mühüm əhəmiyyət daşıyan davamlılıq və inkişafa mane olan amillər barədə müsahiblərim - Milli Məclisin  Elm və təhsil komitəsinin üzvü, millət vəkili Anar İsgəndərov və mütəxəssis Elçin Əfəndi ilə apardığım söhbətimi təqdim edəcəyəm.

- Anar müəllim, gəlin söhbətə ondan başlayaq ki, təhsilimizdə davamlılıq prinsipinə əməl olunmur. İbtidai sinifdən sonra şagirdlərdə, eyni zamanda valideyn və müəllimlərdə dərsliyə, məktəbə qarşı sanki bir laqeydlik yaranır.

- Hələ 17- 18-ci əsrlərdə yaşamış Avropa maarifçiləri deyirdilər ki, hansı cəmiyyətdə təhsil güclü olarsa, o cəmiyyətdə problem, çətinlik və eybəcərliklər bir o qədər az olar. Bu ideya 21-ci əsrdə də aktuallığını qoruyur. Ona görə də biz ölkənin aydınları ilə əl-ələ verib təhsildəki çətinlikləri aradan qaldırmağa kömək etməliyik, dünyanın nüfuzlu elm ocaqlarından yaxşı təcrübələri, yenilikləri öyrənib tətbiq etməliyik.

Sovet hakimiyyətinin dağılmasından sonra müəyyən bir qarışıqlıq yarandı. Təhsil sahəsində də saxta diplom verən institutlar və kadrlar meydana çıxdı. Bu gün də həmin problemin törətdiyi fəsadların acısını çəkirik.  Belə ki, həmin ali məktəblərin buraxdığı məzunlar hələ də müəllimlik fəaliyyəti ilə məşğuldurlar. Yəni ortada diplomlu, savadsız, öz üzərində davamlı işləməyən, pedaqoqluq qabiliyyəti olmayan kadrlar var. Onlarla da son illərdə sertifikasiya imtahanı vasitəsilə mübarizə aparılır. Amma nə dərəcədə yetərli olur, bunu deyə bilmirəm... Təəssüf ki, çox vaxt bu mübarizə üsulu da reallığı tam ortaya qoymağa yetərli olmur. Bəzi hallarda dediyimiz qəbil müəllimlər sertifikat imtahanlarına hazırlaşaraq lazım olan qədər qiymət toplaya bilirlər... Amma praktikada mükəmməl ali təhsil almadıqlarına görə, dərsləri istənilən səviyyədə keçmək qabiliyyətinə malik ola bilmirlər. Onların bu qabiliyyətə yiyələnə bilməməsi bütövlükdə orta təhsilimizin faciəsinə çevrilir.

Ümumiyyətlə, bitirdiyi ali məktəbin reytinqindən asılı olmayaraq hər bir müəllim peşəsi üzrə davamlılıq prinsipini yaddan çıxartmamalıdır. Bilməlidir ki, təhsilin daimi inkişafı üçün davamlılıq əsas şərtdir. Davamlılığın əsasında həm fiziki cəhətdən dərsləri axsatmamaq, həm də təhsil kontingentində daimi diskussiyalar, bilik və bacarıqlar, hədəflər durur. Elm, texnologiya sürətlə inkişaf edir. Müəllim gərək sahəsində baş verən heç bir yenilikdən xəbərsiz qalmasın. Daimi olaraq öz üzərində işləsin.

Təhsildə fiziki davamlılığı təmin etmək üçün dərsin keyfiyyəti ilə yanaşı, məktəblərin şəraitinə də önəm vermək lazımdır. Məsələn, bəzi bölgələrdə, rayonlarda hələ də texniki baxımdan müasir dövrün tələblərinə cavab verməyən məktəblərimiz var. Bunu biz etiraf edirik, həmin məktəblər hələ tikilməkdə, təmir olunmaqda davam edir. Bir çox rayon, kənd məktəblərində hələ də istilik sistemi yoxdur. Təbii ki, bu kimi hallar da şagirdlərin davamiyyətinə təsir edir.

Məsələn, mən millət vəkili olaraq, öz bölgəmdəki məktəblərin hamısını əzbər bilirəm, hansı kənddə, hansı ərazidə məktəblərin vəziyyəti necədir. Bizim iki məktəbimizin təmiri bu yaxınlarda başa çatıb. Məlum oldu ki, məktəblər tələbi ödəmir, məktəb dağılmaq üzrədir. Həmin məktəblərin şagirdlərini qonşu məktəbə yönləndirdik və həmin məktəblər təmirə bağlandı. Təmirə həm dövlət, həm də kəndin Azərbaycandan kənarda olan sakinləri dəstək oldular. Yəni əsas işə diqqət ayırmaqdır, çatışmazlığı görüb həll etməyə çalışmaq lazımdır. Bu sahədə heç nəyə göz yummaq olmaz.

Düzdür, təhsilimzi ötən on illə müqayisə edəndə yaxşı mənada çox böyük fərq var. Şagirdlərimiz Azərbaycandan kənarda fənn olimpiadalarında kifayət qədər medal, Fəxri Fərman qazanırlar. Bu sahədə uğurlarımız get-gedə çoxalır. Bunlar bizi sevindirir. Amma birdən-birə bütün problemləri aradan qaldırmaq mümkün olmur.

“Bağça yaşlarından böyük həyəcanla, təşvişlə övladlarını oxutmağa çalışan valideynlər uşaqları birinci sinfə qəbul olar-olmaz bir neçə müəllim yanına hazırlığa qoyurlar. Sanki övladlarından filosof olmağı gözləyirlər. Təəssüf ki, bu temp ibtidai sinifdən sonra qırılmağa başlayır və məktəb- ailə-cəmiyyət  birliyinə sanki bir rahatlıq gəlir. Hətta övladı haqqında açıqca “əşşi, oxumasın, eybi yox, 10-11-ci siniflərdə də hazırlığa gedəcək”, - deyən valideynlərə kifayət qədər rast gəlirik. Düşünürlər ki, yuxarı siniflərə qalxdıqca şagird onsuz da repetitor hazrlığına gedəcək, azdan-çoxdan müəyyən qədər bal yığıb ali məktəbə qəbul olacaq”.

Bunu təhsil üzrə ekspert Elçin Əfəndi bildirdi. Dedi ki, təhsildə davamlılıq deyəndə biz ilk növbədə təməl prinsiplərə əsaslanmalıyıq. Məktəbəqədər və ibtidai sinif təhsilində dərs almış, elm öyrənmiş şagirdlər yuxarı siniflərdə də bunu davam etdirməlidir.

Bununla bağlı son illərdə nazirlik tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Məsələn, 4-cü və 6-cı sinfi bitirənlərə monitorinq tətbiq olunur. Monitorinqlərdən sonra hiss olunur ki, şagirdlərdə və müəllimlərdə müəyyən qədər məsuliyyət hissi yaranıb. Çünki monitorinq hesabat deməkdir. Bu monitorinqlər əsasında məlum olur ki, təhsilin keyfiyyəti harada necədir, bundan əlavə məlum olur ki, hansı mövzularda şagirdlər çətinlik çəkir.

Elm və Təhsil Nazirliyində layihələr hazırlanır, yaxın gələcəkdə ictimaiyyətə də açıqlanacaq. İnanıram ki, bu layihələrin tətbiqi ilə öz fənninə və şagirdlərə qarşı biganə yanaşan müəllimlərin sayı azalacaq. İlk növbədə pilot layihə kimi bölgələri əhatə edəcək bu layihələrin məqsədi, loru dildə desək, dərsini yola verən müəllimləri bu yoldan geri çəkmək, onları dərsin normal tədrisinə cəlb etmək olacaq. Çünki bəzi müəllimlər işə qəbul imtahanından keçir. Amma daha sonra məktəbdəki şagirdlərin deyil, yanına hazırlığa gələn şagirdlərin təhsil göstəricilərinə daha çox əhəmiyyət verirlər.

Nazirlik daha bir təsir qüvvəsinə malik layihəni hazırlayıb təsdiq edib. “Məktəblinin dostları” adlanan bu layihənin iştirakçıları şagirdlər arasında sorğu keçirəcək. Hansı müəllim normal qaydada təhsil verir, hansı müəllimin fənnindən razısınız, hansı fənni sevirsiniz və oxuyursunuz və ya hansı müəllim dərsdə dərsdən başqa digər mövzularda söhbət edib zəngin vurulmasını gözləyir. Bu cür sorğu keçirib aidiyyəti üzrə həmin hesabatı nazirliyə təqdim edəcəklər.

Əsli  TELMANQIZI

ETİKETLƏR: