Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsilimizdə interaktivliyin səviyyəsi nə yerdərir?

interaktiv təlimin bütün üstünlüklərinə baxmayaraq, bu, heç də ənənəvi təlim metodlarından imtina edilməsi anlamına gəlmir

12.06.2024 15:48
16
A+
A-

Müasir reallığımızda yüksək texnologiyalar, internet, qloballaşma və bir çox digər proseslər təhsil sistemini də bu istiqamətdə uyğunlaşmağa məcbur edir. Artıq sirr deyil ki, Z nəslinə dərs vermək 10 il əvvəlki məktəblilərə dərs verməkdən daha çətindir. Bəzi mütəxəssislərin fikrincə, ənənəvi tədris metodları öz aktuallığını və effektivliyini itirmişdir. Vəziyyəti hərtərəfli təhlil etmək, o cümlədən təlimə yanaşmaları və maddi-texniki bazanı qiymətləndirmək vacibdir.

İnteraktiv (fəal təlim) nədir? İnteraktiv təlim idraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında mühakimə və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan təlim prosesində müəllim təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər. Fəal (interaktiv) təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Ənənəvi təlimdə əsas sima olan müəllim informasiya verən, interaktiv təlimdə isə bir növ köməkçi rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri təlim prosesinə cəlb etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək göstərməkdən ibarətdir. Ənənəvi təlimlə müqayisədə interaktiv təlimdə isə aparıcı ilə qarşılıqlı təsir dəyişir. Müəllimin əsas vəzifəsi şagirdlərin təşəbbüskarlığı üçün şərait yaratmaqdır. Fəallıq, təşəbbüskarlıq və əməkdaşlıq interaktiv təlim metodlarını səciyyələndirən əsas cəhətlərdir. Deyilənlərdən belə bir nəticə çıxır ki, interaktiv təlim prosesində şagirdlərin yaradıcılıq qabiliyyətləri və dünyagörüşləri inkişaf edir. İnteraktiv öyrənmə prosesində şagirdlər müstəqil şəkildə düşünmə qabiliyyətinə yiyələnir, təcrübələr aparır, həll yollarının düzgünlüyünü öyrənir, müqayisə aparmaqla məlumatların daha düzgün mənimsənilməsinə nail olurlar.

Sual yaranır, hazırda ölkə təhsilində interaktivlik nə səviyyədədir?

Apardığım araşdırma və şəxsi təcrübəmdən irəli gələrək qeyd etmək istəyirəm ki, interaktiv  təlimin tətbiqi üçün dövlət təhsil müəssisələrində lazımi maddi-texniki baza mövcud deyil. Nə qədər təəccüblü olsa da, bir çox orta və ali məktəblərdə, ümumiyyətlə, internet və wi-fi çıxışı belə yoxdur.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, 21-ci əsr və onun inkişaf tempi bütün sahələrdə olduğu kimi, təhsil üzərində də bir çox yenilənmiş tələblər qoyulub: “Bu çağdaş prinsiplər təhsil sahəsinə tətbiq olunmayacağı təqdirdə heç bir faydalılıq, praktiki effektivlikdən söhbət gedə bilməz. Bunlardan biri təhsildə interaktivlik amilidir. Günümüzdə və yaxın gələcəkdə bu, təhsilin əsas formatlarından və metodlarından biri olacaqdır. Əfsuslar olsun ki, bu gün təhsildə interaktivliklə bağlı məzmun etibarilə aparılan işlər bir o qədər də ürəkaçan deyil. Doğrudur, yaxşı nümunələr mövcuddur. İstər region, istər paytaxt məktəblərində şagirdlərin mövzunu daha yaxşı dərk etməsi üçün interaktiv metodlardan istifadə edən müəllimlərimiz var. Onların əməyi danılmazdır. Onların interaktiv təlimin psixoloji qavrama üstünlüklərindən istifadə edərək hazırladığı uşaqlar daha effektiv nəticələr əldə etmiş olurlar”.

- İnteraktivlik nəyə görə vacibdir?

- Bu gün təhsildə interaktivlik birbaşa psixologiyaya hesablanmış bir meyardır. Z nəsli nə ilə maraqlandırmaq olar? Bir məsələnin öyrənilməsi, predmetin daha yaxşı qavranılması və mövzunun daha yaxşı dərk edilməsi üçün hansı formatlar seçilməlidir? Bu suallar üzərində düşünəndə bu, ilk növbədə interaktiv üsullardır. İndiki şagird artıq rəqəmsal dünyanın aktiv iştirakçısıdır. Bu gün görürük ki, 3 yaşlı uşaqlar smartfonları aktiv şəkildə idarə edirlər. Yəni mühit onları istər-istəməz rəqəmsal dünyanın sakininə çevirir. Və məktəbdə olsa belə, rəqəmsal dünyanın məhdudsuz sərhədlərindən çıxmaq istəmir. Məhz bu mexanizmdən istifadə edərək şagirdlərin tədris göstəricilərini artırmaq mümkündür. Təhsildə interaktivlik amili buna görə vacibdir”.

Bu təlimin üstünlüklərinə gəldikdə isə, ekspert qavrama və müstəqilliyi qeyd etdi: “Bugünkü tədris metodikası şagirdə özünü nə dərəcədə müstəqil hiss etdirəcəksə, onun sərbəstliyinə nə qədər imkan verəcəksə, bir o qədər də faydalı olacaqdır. İnteraktiv təlim bu istiqamətdə çox vacibdir. Özünü sərbəst (təbii ki, müəyyən normalar və cizgilər çərçivəsində) hiss edən şagird interaktiv təlimin ənənəvi təhsil təlimlərindən üstünlüyünü həmən hiss edib, üstünlüklərindən faydalanacaqdır.  Daha sonra çoxvariantlılıq. İnteraktiv təlim birbaşa rəqəmsal imkanlara, IT və kompüter texnologiyasına söykəndiyi, zaman-məkan  məhdudiyyətini aradan qaldırdığı üçün şagirdə çoxvariantlılıq imkanlarını verir. Bir neçə istiqamətdə özünü inkişaf etdirən və paralel olaraq həmyaşıdları ilə müzakirə müstəvisinə keçirə bilər.

Arzu edərdim ki, Azərbaycanda təhsilin interaktivliyini artırmaq üçün xüsusi proqramlar hazırlansın. Düzdür, müəyyən addımlar atılır. Ələlxüsus da son 2-3 il ərzində Elm və Təhsil Nazirliyinin tədris ili başlamamışdan qabaq imzaladığı əmrdə təhsilin əsas inkişaf xətlərindən biri, bəlkə də birincisi kimi məhz interaktivlik amili göstərilir. Yəni proqram olaraq var, amma bunun tətbiqi və əməli surətdə həyata keçirilməsi nə dərəcədədir? Bu, artıq sual altındadır”.

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, müasir təhsil nəzəriyyəsi və təcrübəsi şagirdlərin qeyri-fəallığını aradan qaldırmaq, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcı qabiliyyətlərinin formalaşması, təlimin keyfiyyətinin yüksəldilməsi üçün tədris prosesinin interaktiv metodlarla qurulmasını zəruri etmişdir. Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları şagirdlərin təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi prosesinə fəal qoşulmasını təmin edə bilsin. Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək imkanları ilə səciyyələnir. Fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmalarına imkan yaradır, dialoqa və birgə fəaliyyətdə əməkdaşlığa əsaslanır.

Lakin N.İsrafilova görə, interaktiv təlimin bütün üstünlüklərinə baxmayaraq, bu, heç də ənənəvi təlim metodlarından imtina edilməsi anlamına gəlmir. Unutmaq olmaz ki, dərs prosesinin təşkilatçısı və idarəedicisi olaraq əsas sima müəllimdir. Dərsdə şagird fəallığının ifrat dərəcəyə yüksəldilməsi heç də dərsi “bazara” çevirmək demək deyil, necə ki, bəzi məktəblərdə bəzi müəllimlər tərəfindən buna yol verilir və sosial şəbəkələrdə paylaşılaraq geniş təbliğ olunur. Passiv (ənənəvi), aktiv və interaktiv təlim modellərindən hər bir dərsin tipinə və məzmununa görə müqayisəli təhlil əsasında müəllim tərəfindən qabaqcadan seçilməli və planlaşdırılmalıdır. Ənənəvi, aktiv və interaktiv təlim metodlarından hər hansı birinə aludəçilik yolverilməzdir. Çünki təlim metodlarından hər birinin öz üstünlükləri və çatışmazlıqları var.

Günel RAFAYILQIZI

ETİKETLƏR: