Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmanət, yoxsa səhm?

Beynəlxalq Bankın 27 qəpiklik səhmlərini almaqla yüksək dividend qazanmaq mümkün olacaq

12.06.2024 15:57
15
A+
A-

Azərbaycan bankları vətəndaşlara əmanət və depozitlərdən başqa, digər bank məhsullarından dividend qazanmaq fürsəti yaratmaq üçün geniş kampaniyalara start verib. Söhbət Azərbaycan Beynəlxalq Bankı (ABB) və Kapital Bankın təklif etdiyi yeni səhmlərin və qiymətli kağızların kütləvi dövriyyəyə çıxarılmasından gedir. Hər iki bank öz maliyyə portfelində səhmlərə geniş yer ayıraraq sadə vətəndaşların da bankın səhmdarı olmaq imkanı yaradacaq.

İlk olaraq ABB iyunun 11-dən etibarən ucuz səhmlərin emissiyasını təşkil edərək vətəndaşları bu kağızlara abunə yazılışına dəvət edib. Sentyabrın 12-dək davam edəcək səhm kampaniyası çərçivəsində 322 milyon ədəd səhm satışa çıxarılacaq. Bir ədədinin qiyməti 27 qəpik təşkil edən Beynəlxalq Bankın səhmini istənilən şəxs abunə yazılışı vasitəsilə əldə edə bilər. Bir vətəndaşa minimum 100 ədəd, maksimum isə 75 min ədəd səhm almaq imkanı verilib. Yəni 27 manat kifayət edir ki, sadə vətəndaş ABB-nin kiçik səhmdarı statusu əldə etsin. 270 manat pul xərcləməklə 1000 səhm sahibi olmaq mümkündür. Vətəndaşın daha çoxlu, ən yüksək səhmə sahib olması, yəni icazə verilən limit üzrə 75 min səhmin hamısını almasına isə 20 min 25 manat kifayət edir. İmkana görə, aşağı, orta və yüksək səhmdar olmaq mümkündür. Əgər 2000 manatın varsa, təxminən 7-8 min səhmlə orta statuslu ABB səhmdarı ola bilərsən. Vətəndaşlar bankın səhmlərinə abunə yazılaraq səhm əldə etmək üçün ABB mobile tətbiqindəki “İnvestisiya” bölməsinə və bankın bütün filiallarına, eləcə də “ABB İnvest” şirkətinə müraciət edə bilərlər.

Ümumilikdə ABB bu səhm layihəsi çərçivəsində satışa 322 milyon ədəd səhm çıxaracaq ki, bu kağızların ümumi dəyəri təxminən 87-90 milyon manat təşkil edəcək.

Beynəlxalq Bankın sadə vətəndaşlara səhmdar olmaq şansı yaratmasının səbəbi nədir?

ABB 2015-2016-cı illərdə baş vermiş devalvasiya nəticəsində sarsıdıcı maliyyə itkiləri ilə üzləşdikdən sonra öz strateji inkişaf planına uyğun sağlamlaşdırma tədbirləri həyata keçirərək 3-4 ildə tam öz əvvəlki maliyyə qüdrətini bərpa etdi və pandemiyadan sonrakı dövrdə isə daha qabaqcıl və dünya bank sistemində mövcud olan iddialı məhsulları tətbiq etməyə qərar verməkdədir. Hazırda bankın illik mənfəəti 300 milyon manatdan çoxdur və 2024-cü ilin sonuna 400 milyona yaxınlaşması ehtimal olunur. Böyük həcmdə kapital resurslarına malik olan bu maliyyə qurumu son illərdə kreditlər üzrə də irihəcmli ayırmalara start verib, bir çox sahələrə böyük maliyyə yönəldir. Bank öz aktivlərini böyüdərək yeni məhsullara və çeşidlərə yönəltməyi də prioritetlərinə aid etdiyindən sadə vətəndaşlar üçün ucuz səhm layihəsinə qərar verib.

Beynəlxalq Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, yeni səhm layihəsi üzrə abunə yazılışı zamanı banka iri özəl investorlarına deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə şərait yaradılacaq. Məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalanmasını təmin etməkdir. Bu, əmanət və depozit bazarı ilə yanaşı, ölkəmizin qiymətli kağızlar bazarında yeni bir müştəri dalğasına təkan vermək məqsədi də daşıyır.

Bəs vətəndaşların səhm aldıqdan sonra qazancı nə olacaq?

ABB-nin əsas səhmdarı dövlət olsa da, müxtəlif səhmdarlar qrupu üzrə müştərilərinin sayı da az deyil. Pərakəndə və korporativ müştərilərimizin sayı son illərdə daha çox artıb. Bank hər il mənfəətinin əhəmiyyətli bir hissəsini öz səhmdarlarına dividend kimi ödəyir və diqqət etdikdə səhmdarlara verilən dividendin məbləği əmanətlərə yönələndən heç də az deyil. Belə ki, son üç ili götürdükdə ABB 2022-ci ildə səhmdarlarına 125 milyon, 2023-cü ildə 156 milyon, 2024-cü ildə 185 milyon manat dividend ödənişi həyata keçirib. Bununla yanaşı, səhmdarlara verilən dividendlərin gəlirlilik faizi də artıb. Hazırda bankın səhmlərinin illik dividend gəlirliliyi 15 %-dən yüksəkdir ki, bu, banka yerləşdirilmiş əmanətlərin (8-9%) dividend faizindən xeyli yüksəkdir. Bu onu göstərir ki, vətəndaşların pullarını əmanətə yox, səhmə yerləşdirməsi daha cəlbedici və gəlirlidir. Ona görə də ABB-nin yeni ucuz səhmini almaqla vətəndaşlar əmanətdən daha yaxşı dividend qazanmaq şansı əldə etmiş ola bilərlər.

Kapital Bankın kağızlarını necə əldə etmək olar?

Beynəlxalq Bankla yanaşı, Kapital Bank da vətəndaşlara öz pullarını banka investisiya kimi yatırmağa və qazanc əldə etməyə imkan yaradır. Bank istiqraz və səhmlərin alınmasını təmin etməklə hər bir şəxsə gələcək gəlirlərini artırmağa zəmanət verir. Kapital Bank bazarda daha çox istiqrazlarla çıxış edir və bu kağızları qəpik-quruşa almaq mümkün deyil, bir istiqraz almaq üçün 100 manat pul xərcləməlisən. Bank istiqrazları daha geniş investor kütləsinə çıxararaq fiziki şəxslərin kapital bazarlarında iştirakını təşviq etməyi düşünür. Son aylarda yerləşdirilən istiqrazların həcmində fiziki şəxslərin payının ən yüksək həddə çatması da fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində aparılan siyasətin nəticədir.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: