Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ordu-Xalq birliyinin nümunəsi

M.Cəfərzadə həmkarlar ittifaqının 44 günlük müharibədə Ordumuza göstərdiyi dəstəkdən də söz açdı.

04.07.2024 11:20
7
A+
A-

“Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Silahlı Qüvvələr Günündə hərbi hissələrdə olmağı, zabit və əsgərləri təbrik etməyi uzun illərdir ki, ənənəyə çevirib. Amma etiraf edim ki, 2021-ci ildən başlayaraq zabit və əsgərlərlə hərbi hissələrdə görüşlərimiz mənəvi baxımdan tamam başqa bir məzmun almışdır. Biz hərbçilərimizin Vətənə məhəbbətini, yüksək hərbi hazırlığını, onlar üçün yaradılmış şəraiti görüb inanırdıq ki, torpaqlarımızın işğaldan azad olunması, necə deyərlər, an məsələsidir. Şükürlər ki, igid oğullarımız o anın sevincini bizə yaşatdılar. Biz indi hərbi hissələrə hər il həmin anın sevinci ilə gedirik”.

Bu sözləri mənə iyunun 25-də səhər tezdən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika   Komitəsinin sədr müavini Mirzə Cəfərzadə dedi. Söhbətin davamını gətirməyə macal olmadı. İşarə verildi ki, yola düşməliyik. Avtobusa əyləşdik. Avtobusun salonu daha çox konsert salonuna bənzəyirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin onlarla tələbəsi musiqi alətlərini və boğazlarını kökləyirdilər. Bakıdan çıxar-çıxmaz gənclərin şən zarafatları qısa musiqi nömrələri ilə əvəz olundu. Saz, dəf, nağara, tar, gözəl müğənni səslərinin müşayiəti altında bir neçə saatlıq yolu necə getdiyimizi hiss etmədik. Bir də baxdıq ki, mənzil başında - Dövlət Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsindəyik. Bizi əsgəri intizam nəzərə alınmaqla çox mehriban şəkildə qarşıladılar. Çay süfrəsi arxasında əyləşdirdilər. Yol yorğunluğu canımızdan çıxandan sonra əsgər və zabit heyətinin qarşısına dəvət etdilər. Təqdimat üçün sözü Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəyə verdilər. Mirzə müəllim zabit və əsgərlərə əvvəlcə AHİK sədri Səttar Möhbalıyevin salamlarını və əlamətdar gün ilə əlaqədar təbriklərini çatdırdı. Bir daha qəhrəman ordumuzun Vətən müharibəsi, antiterror əməliyyatı zamanı göstərdiyi hünəri xatırlatdı. Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılacağını söylədi. Bildirdi ki, cənab İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir ki, böyük siyasi dairələrin himayəsi altında olan Ermənistanın 30 illik işğalına son qoyuldu. 30 il idi ki, Ermənistan silahlandırıldı, beynəlxalq təşkilatlarda işğalçı siyasətinə saxta don geydirildi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası öz qətnamələrinin icrasına laqeyd yanaşdı. Ali Baş Komandanın rəhbərliyi altında siz gənclər ədaləti bərpa etdiniz. Gözəl Qarabağı əsl sahiblərinə qaytardınız.

Mirzə müəllim dedi ki, Vətən müharibəsində 760 nəfər təhsil işçisi də iştirak edib. Məktəb siniflərini, universitet auditoriyalarını döyüş meydanı ilə əvəz edib. 20 nəfəri şəhidlik zirvəsinə ucalıb. Respublika Komitəsinin sifarişi ilə “Qəhrəman təhsil işçiləri” adında kitab hazırlanıb nəşr olunmuşdur. Kitabda döyüşdə iştirak etmiş hər bir təhsil işçisinin həyatı, döyüş yolu haqqında geniş material dərc edilmişdir.

M.Cəfərzadə həmkarlar ittifaqının 44 günlük müharibədə Ordumuza göstərdiyi dəstəkdən də söz açdı. Dedi ki, həmin günlərdə istisnasız olaraq bütün həmkarlar ittifaqı işçisi özünü müsəlləh əsgər sayırdı.

Çıxışının sonunda Mirzə müəllim hərbi hissənin zabit və əsgər heyətini bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi, onlara cansağlığı arzuladı.

Hərbi hissənin komandiri, polkovnik Samir Salmanov ziyarət təşkil etdiklərinə görə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki, tərəfinizdən göstərilən diqqət əsgər və zabit heyətimizin ruh yüksəkliyini daha da artırır. Siz dəfələrlə bizim hərbi hissədə olmusunuz. Artıq doğmalaşmışıq. Bu doğmalıq ordu və xalq birliyinin gözəl nümunəsidir.

Komandir sonra dedi ki, gündəlik informasiya vasitələrindən oxuduğunuz kimi, qonşu ölkələrdə, xüsusilə Ermənistanda qeyri-stabil vəziyyət hökm sürür. Ermənistanda revanşist qüvvələr sakitləşmək bilmir. Elə revanşistlərin özləri də yaxşı bilirlər, daha dəqiq desək, şahiddirlər ki, regionda elə bir ordu yoxdur ki, Azərbaycan Silahlı Qüvvələri ilə üz-üzə gəlsin. Yoxdur. Çünki Ümummilli Lider Heydər Əliyev tərəfindən ordumuzun təməli möhkəm qoyulub. Cənab İlham Əliyev ordumuzu dünyanın ən müasir müdafiə qabiliyyətinə malik silahlarla təchiz olunmuş, taktiki, strateji baxımdan ən mükəmməl orduya çevirməyi bacarıb. Biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qayğısını daim hiss etmişik. Əsgərlərimiz, zabitlərimiz hər an düşmənə ağır zərbələr endirməyə, onları vaxtındaca susdurmağa qadirdir.

Çıxışlardan sonra söz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə verildi. Gənc musiqiçilərin, müğənnilərin ifasında vətənpərvərlik mövzusunda, eləcə də təbiətimizin gözəlliyini tərənnüm edən mahnılar səsləndi. Müğənnilər əsgərlərlə birlikdə rəqs etdilər. Çal-çağır hərbi hissədən çox-çox uzaqlara yayıldı. Hərbi hissədən atəş əvəzinə yayılan musiqi sədaları bir daha, rəmzi də olsa, göstərdi ki, biz hərb istəmirik. Arzumuz dinc həyat yaşamaqdır. Amma hərbə hazırıq!

Sonda qonaqlar gətirdikləri hədiyyələri hərbi hissənin komandanlığına təqdim etdilər. M.Cəfərzadə dedi ki, bu hədiyyələr inanıram ki, hədiyyə olmaqdan daha çox, Xalq-Ordu birliyinin simvolu olaraq tərəfinizdən saxlanılacaq.

 

ETİKETLƏR: