Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Qiymət artımına görə bəzi məsələlərdə təcili addımlar atılmalıdır

.

04.07.2024 16:12
6
A+
A-

Məlum olduğu kimi, bir neçə gün öncə ölkədə Ai92 markalı benzin, dizel, taksi və ictimai nəqliyyatda gediş qiymətinin artımı baş verdi.

Belə ki, müntəzəm şəhərdaxili və rayondaxili avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi, məsafədən asılı olmayaraq, 50 qəpik müəyyən edilib. Bundan əlavə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub. Rəsmi qurumlar bu qərarın qəbul edilməsini əvvəlki tariflərin xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermədiyi ilə əlaqələndirirlər. Məhz bu səbəbdən də belə bir addımın atılması zərurəti yaranıb.

Taksi xidmətinə gəldikdə isə, “BOLT” taksi şirkətindən əldə etdiyimiz məlumata əsasən, qiymətlər iyulun 1-dən artaraq minimum 4-4.50 manat təşkil edir. Bundan başqa, qeyd edildi ki, buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtomobillərə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər iyulun 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır. Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa və cari ilin iyulun 1-nə kimi icazə üçün müraciət edibsə, o zaman onlar 3 illik icazə ala biləcəklər. Bu halda rəng tələbi tətbiq edilmir. Qaydalara tabe olmayanlara gəldikdə isə, müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

O ki qaldı benzinin qiymətinə, belə ki, Ai92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1.10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bununla bağlı iqtisadçı-ekspert Eldəniz Cəfərova müraciət etdik. Eldəniz müəllim bildirdi ki, qiymət dəyişikliyinə görə bəzi məsələlərdə təcili addımlar atılmalıdır. Bu addımlardan biri də yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizmi hazırlanması olmalıdır: “Ai92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki, həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət edilməsi və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir.

Ai95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın təmizliyinin və buraxılış ili nisbətən yeni avtomobillərin sazlığının qorunması baxımından yüksək qiymətləndirirəm.

Dizelin qiymətinin 25 faiz yüksəlməsinə gəldikdə isə, bu, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökumət fermerlərin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır. Onsuz da Ai92 markalı benzinin qiymətinin artması logistik xərclərə təsir edəcək və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdır. Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək, fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəricilərinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki, ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanacağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə də söhbət apardıq. Natiq müəllim ictimai nəqliyyatda gediş haqlarının, Ai92 markalı benzinin və dizelin qiymətinin qalxmasını büdcə xərclərinin artması ilə əlaqələndirdi: “Dünya bazarında neftin qiymətində heç bir artım yoxdur. Hətta əksinə, keçən il 100 dollara yaxınlaşan neftin qiyməti indi 84-85 dollardır. Yəni, bayaq da dediyim kimi, neftin qiymətində artım yoxdur ki, yanacaq qiymətləri də artsın.

Bilirsiniz, büdcə xərcləri kəskin artır, gəlirlərimiz isə azalır. Çünki neft hasilatı azaldı, qaz qiymətləri gözlənilən səviyyədə olmadı, ona görə də büdcə xərclərinin artması fonunda bu gün gəlirlərin azalması müşahidə olunur. Düşünürəm ki, məhz bu səbəbdən qiymət artımına gedilməsinə qərar verildi.

Digər tərəfdən də ictimai nəqliyyatda qiymət artımı baş verdi. Bu, çox qeyri-populyar bir addım idi. Düzdür, ictimai nəqliyyatda gedişhaqqının artırılmasının anonslarını əvvəlcədən vermişdilər. Sadəcə, burda uyğunsuzluq nədən ibarətdir? Taksi qiymətləri artdı, rəsmilər də dedilər ki, şəhərdə tıxacın qarşısını almaq üçün ictimai nəqliyyatdan daha çox istifadə edin. Məntiqlə ictimai nəqliyyat qiymət baxımından daha əlçatan olmalı idi, indi isə əksinə, daha da bahalaşdı. Yəni bütün bunlar, təbii ki, insanlarda ciddi narazılıq doğurur. Bütün bunların fonunda düşünürəm ki, seçkilər öncəsi əməkhaqqının artırılması ilə bağlı müəyyən qərarlar verilə bilər. Amma sual yaranır: əməkhaqqı artımı hazırkı qiymət artımlarını kompensasiya edəcəkmi?...”

 Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR:

Foto