Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qadınların biznes mühitinə inteqrasiyası

Bu həqiqət Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) sorğumuza verilən cavabda da təsdiqləndi.

04.07.2024 16:15
9
A+
A-

Qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, maliyyə resurslarına çıxışı və bu kimi istiqamətlərdə tədbirlərin həyata keçirilməsi hazırda əsas prioritetlərdən biridir. Və bunun nəticəsi olaraq da ölkəmizdə qadın sahibkarların sayı artmaqdadır. Bu dinamika ilə irəliləyən sahibkar qadınların ölkəmizin sosial-iqtisadi inkişafında çox böyük rolu vardı.

Bu həqiqət Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) sorğumuza verilən cavabda da təsdiqləndi.

Agentlikdən bildirildi ki, hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il aprelin 1-nə kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 306 min 533 nəfər təşkil edib. Qeyd edək ki, sahibkar qadınların 25.4%-i kənd təsərrüfatında, 21.5%-i ticarət, 35.3%-i xidmət sahəsində fəaliyyət göstərir. Onların 28,7%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Qadınların sahibkarlıq fəaliyyətini artırmaq, məşğulluğunun təmin olunması, müasir dövrün sosial-iqtisadi tələblərindən irəli gələn istiqamətlər üzrə layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan vacib addımlardan biridir. Ölkə iqtisadiyyatında qadın sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında qadın sahibkarlığının müstəsna əhəmiyyəti daima diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə 2024-cü ildə 2 qadın sahibkar “25 Aprel - Sahibkarlar Günü” münasibətilə ölkə Prezidenti tərəfindən  “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Həmçinin sahibkarlıq sahəsində qazanılmış uğurların ictimaiyyətə daha geniş formada çatdırılması, biznes düşüncə tərzinin təşviq edilməsi və dövlət-özəl sektor arasında əlaqələrin daha da inkişaf etdirilməsi müxtəlif kateqoriyalar üzrə uğur qazanmış sahibkarların müəyyən nominasiyalar üzrə mükafatlandırılması üçün KOBİA tərəfindən 2022-ci ildə “Dayaq” mükafatı təsis edilmişdir. Qeyd edək ki, “Dayaq” mükafatının nominasiyalarından biri də “Uğurlu Qadın Sahibkar” nominasiyasıdır.

Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir.

Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur.

Aparılan təhlillər və sorğular göstərir ki, qadın sahibkarların biznesyönümlü bilik və bacarıqlarının artırılması vacibdir. 2024-cü il ərzində bu istiqamətdə KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən keçirilən təlim və məsləhət xidmətlərindən 300-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanmışdır.

KOBİA tərəfindən göstərilən digər dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən müddət ərzində təhsil, elm, tədqiqat dəstək layihələrinin maliyyələşdirilməsi üzrə 19 qadın sahibkarın təqdim etdikləri layihələrə qrant, digər 23 qadın sahibkara isə 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilmiş, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya ilə biznes əməkdaşlığı” çərçivəsində 132 qadın yararlanmışdır.

Həmçinin KOBİA qadınların istehsal etdikləri məhsulların bazarlara çıxarılması və tanıdılması məqsədilə müxtəlif ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək göstərir. Bu günədək KOBİA tərəfindən 50-dən çox sərgi və yarmarkada iştirak təşkil olunmuşdur və bunun nəticəsində 1300-dən çox sahibkarlıq subyekti bu dəstək mexanizmindən faydalanmışdır ki, onların da 50%-i qadın olmuşdur.

Həmçinin ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqdisadiyyat Nazirliyinin və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub. Assosiasiya yaradılan gündən qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayıb.

“Sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən fundamental prinsiplərdən biri də iqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsidir”. Bu sözləri qəzetimizə müsahibə verən Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova söylədi. Bildirdi ki, Azərbaycanda bütün insanlar bərabər hüquqlara malikidir. Bu, Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. Eyni zamanda digər qanun və məcəllələrdə də öz əksini tapmışdır. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi, həmçinin qadınların biznes mühitinə inteqrasiya olunması Azərbaycan hökumətinin daim diqqətindədir.

Bildiyiniz kimi, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, cinsindən asılı olmayaraq hər bir vətəndaşımız bu fəaliyyətlə məşğul ola bilər. Eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış digər qanun və qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də sahibkarlığın, xüsusilə qadın sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Hicran xanım bildirdi ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda iqtisadi fəal əhalinin 48,9%-i qadındır. Son illərdə qadın sahibkarların sayı artmışdır. Hazırda onların xüsusi çəkisi 23%-dir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmasından sonra bu imkanlar daha da artmışdır.

Hazırda qadınların bütövlükdə dayanıqlı inkişafa verəcəkləri töhfə inklüzivlik üçün təşəbbüsü ələ alaraq təsirləri sürətləndirmək, mövcud bərabərsizliklərin həlli yollarını tapmaqdır. Davamlı gələcək insan kapitalının inkişafından və onların cinsi, dini, siyasi mənsubiyyətindən, gəlir səviyyəsindən və bərabər imkanlara məhdudiyyətlərdən asılı olmayaraq, hər kəs üçün əlçatan olmalıdır.

 

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: