Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qərarı necə dəyərləndirək?

sağlam gələcək üçün atılan addım, yoxsa insanların şəxsi həyatına müdaxilə

10.07.2024 10:34
24
A+
A-

Ölkəmizdə qohum evliliklərinin sayı get-gedə  azalsa da digər ölkələrlə müqayisədə yetərincə çoxdur. Adətən, mentalitetimizə uyğun olaraq, bu evliliklər “ailə məsləhəti” ilə baş tutur. Məntiq də bu olur: “niyə uzağa gedirik, tanıdığımız, bildiyimiz ailə ilə qohum olaq”.

Mütəxəssislərin gəldiyi qənaətə görə, qohum evliliklərindən dünyaya gələn uşaqlarda xəstəlik riski daha yüksək olur. Bu fikir parlamentin iyunun 28-də qohum evliliyi ilə bağlı gündəliyə çıxardığı məsələnin müzakirəsi zamanı da səsləndi. Parlamentin təsdiq etdiyi qanuna əsasən, bundan sonra qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə icazə verilməyəcək.

Bu qanuna münasibət birmənalı olmadı. Qanunun gərəkliyi tərəfdarı olan VI çağırış Milli Məclisin  deputatı Fazil Mustafa deyir ki, bu qanun yeni deyil. Azərbaycanda qohum evliliyi sovet qanunvericiliyində də qadağa idi. Sadəcə heç kəs əməl etmədiyi və fəsadlarının da hədsiz artdığı üçün bunun müasir qanunvericiliyimizdə də təsdiqi vacib hal aldı: “Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Tibbi nöqteyi-nəzərdən əsaslandırılmış, doğru bir addımdır”.

Hüquqşünas Əkrəm Həsənov da bir vətəndaş kimi bioloji qohumların evlənməsinə qarşı olduğunu dedi. Amma hüquqşünas olaraq bildirdi ki, bu qanun insan haqlarının pozulmasıdır. Dövlətin qeyd-şərtsiz insanların şəxsi həyatına müdaxiləsi deməkdir. Həm də beynəlxalq təcrübə ilə təsdiqlənməyən formada. Hansı ki, dünyanın heç bir ölkəsində belə bir məhdudiyyət yoxdur. Əksər mütəxəssislər bunu genetik xəstəliklərin artması ilə əlaqələndirirlər. Amma burda da sual yaranır:

Niyə keçmişdə indiki qədər genetik xəstəliklər yox idi? Halbuki, o vaxtlar bəlkə də ailələrin hər üçündən ikisi genetik qohumlar arasında qurulurdu. Məncə genetik xəstəliklərin mənbəyini daha çox müasir qidalarda axtarmaq lazımdır.

Əminəm ki, bu qanun işləməyəcək. İnsanlar başqa yollara əl atacaqlar. Yəni qeyri-rəsmi nikah bağlayacaqlar (dini, mülki, vətəndaş nikahı və s.). Bu da rəsmi nikahların sayının azalmasına gətirib çıxaracaq. Ya da xaricdə nikah bağlayıb ölkəyə qayıdacaqlar. Bu halda kim onların nikahını ləğv edə bilər?!

Əkrəm müəllim qohumluq üzərində baş tutmuş ailələrin ehtimal olunan, zahirən diqqətdən kənarda qalan, lakin daha dəhşətli bir tərəfinə toxundu. Dedi ki, süni mayalanma yolu ilə doğulan uşaqların sayı artmaqdadır: “Bilirsiniz ki, həmin uşaqlar donor vasitəsilə dünyaya gəldikləri üçün, bir növ atalarının kimliyi məlum olmur. Bu uşaqların gələcəkdə bilməyərəkdən öz bacı-qardaşları ilə evlənmə ehtimalı var. Bax, budur problem. Bu problem qabardılıb gündəmə gətirilməlidir”.

“CP Akademiyası”nın rəhbəri, nevroloq İlahə Hacıyeva dedi ki, bizə müraciət edən fiziki və ya əqli cəhətdən qüsurlu pasiyentlərin valideynlərinə ilk sualımız qohumluq əlaqələri barədə olur. Çünki son zamanlar qohum evlilikləri nəticəsində nadir xəstəlik növləri yaranıb. Bunlar çox geniş yayılıb. Əgər ata və ana hansısa xəstəliyin daşıyıcısı olarsa, onlardan doğulan uşaqların təxminən 25 faizi xəstə, yerdə qalanları isə daşıyıcı ola bilər. Əgər daşıyıcı uşaqlar gələcəkdə yenidən o nəslin hansısa bir nümayəndəsi ilə evlənərsə, xəstəlik daha aşkar meydana çıxacaq.

Onu deyim ki, dəfələrlə dölün tələf olması, ölü doğulma, inkişafdan qalmış hamiləlik və sairə kimi qüsurlar ən çox qohum evlilikləri nəticəsində baş verir.

Düzdür, bütün xəstəlikləri qohum evlilikləri ilə əlaqələndirmək də doğru olmaz. Bilirsiniz ki, uşaq ata və ananın geninin daşıyıcısıdır. Qohum olmasalar belə, əgər ata və ananın genində xəstəlik riski yüksəkdirsə, bu zaman doğulan uşağın da xəstə olma ehtimalı çox olur. Bir həkim olaraq düşünürəm ki, verilən qərar düzgündür.

Foto