Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Neçə yaşın tamamında dövlət qulluğunda işləmək üçün müraciət etmək olar?

Vüqar CƏFƏROV, Bakı şəhəri.

10.07.2024 11:54
12
A+
A-

- Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə görə “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər”.

Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində isə bu müddəa “Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir” kimi qeyd edilmişdir.

Lakin Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, əmək qanunvericiliyi dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil olunur. Həmin xüsusiyyətlərdən biri də elə “Dövlət qulluğu haqqında” qanuna dövlət qulluğuna qəbul edilmək hüququ adlanan maddənin olmasıdır. Qanunun 27-ci maddəsinə görə, “Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququ var”. Əgər 16 yaşınız varsa, maddədə göstərilən tələblərə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün müraciət edə bilərsiniz.

 

Qanuni qüvvəyə minmiş məhkəmə qərarından müraciət edən şəxsə dörd dəfə cavab vermişik. Amma eyni məsələni təkrar yazmaqda davam edərsə, ərizəni baxılmadan saxlaya bilərikmi?

Şəhla SALAHOVA,

Bakı şəhəri.

- “Vətəndaşların müraciətləri haqqında” qanunun 8-ci maddəsində müraciətin baxılmamış saxlanılması halları göstərilmişdir. Onlardan biri müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, biri də vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatların olmamasıdır. Bu cür hallarda vətəndaşın müraciəti baxılmamış saxlanılmalıdır.

ETİKETLƏR: