Diqqətli olaq
dələduzluqda istifadə edilən metodlar davamlı olaraq yenilənir
Bu tipli yazılara rast gəldikcə “mən diqqətli olaram, aldanmaram”, - deyə düşünürdüm. Taa ki, iş yoldaşımıza yaşlı, ürək xəstəsi olan anasından o zəng gələnə kimi... Təşvişlə qırıq-qırıq səslə deyirdi: “yetir özünü... xəstəxanadan zəng ediblər...qızın avtomobil qəzası keçirib”...
Xeyli müddətdən sonra özünə gəlib, qorxudan rəngi ağarmış iş yoldaşımız əlləri titrəyə-titrəyə qızına zəng vurdu və onda məlum oldu ki...
Səhərisi gün həmin iş yoldaşımız məsələni təfsilatı ilə danışdı. Kimsə nənəyə zəng vurub məlum xəbəri verdikdən sonra nəvəsinin müalicəsi üçün təcili nəğd pula ehtiyac olduğunu, “kart atırıq, tez ora pul göndərin” dediyini öyrəndik. Nənənin əlindən gələn isə tez qızına zəng vurmaq olmuşdu...
Bu hadisə barədə eşidən işçilərdən biri dedi ki, son vaxtlar peyda olmuş dələduzlar əsasən yaşlı insanları hədəfə alır. Bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.
Araşdırma nəticəsində məlum olub ki, ölkədə zərərçəkən vətəndaşların 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb; respondentlərin yarıdan çoxu (57%) lotoreya uduşu təklifi alıb; 21%-i özünü bank işçisi kimi təqdim edən və maliyyə məlumatlarını təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi ki, tək ölkəmizdə deyil, dünyada kiberdələduzluq halları artan templə davam edir. Dələduzluqda istifadə olunan metodlar davamlı olaraq yenilənir. Vaxtaşırı aidiyyəti qurumlar tərəfindən edilən bu xəbərdarlığa baxmayaraq məlum olur ki, zərərçəkmişlər bununla bağlı xəbərdar olsalar da, aldanırlar.
Dələduzların toruna düşməmək üçün elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməmək, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməmək lazımdır: “Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var”.
O.Gündüz dedi ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır: “Onlara gələn zənglər üzrə nömrələrin hansı ölkədən olmasına diqqət yetirməli, onlayn göndərilmiş hər linkə daxil olmamalı, “bank kartınıza müdaxilə var”, “əlavə qazanc, yüksək faiz” deyənlərə inanmamalıdır.
Bu gün dələduzluq formaları da rəqəmsallaşıb və bu mövzuda kifayət qədər “peşəkarlar” var. Onların “uğurunun” əsas səbəbi isə əksər hallarda insanların məlumatsızlığı olur. Vətəndaşlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə onlara sorğu göndərən resursu öyrənməli, domenin nə zaman yaradıldığına diqqət yetirməlidirlər. Sorğu göndərən resurs barədə “Google”da qısa bir araşdırma aparmalıdırlar. Əgər bu resurs barədə “Google”da heç bir məlumat yoxdursa, dərhal aidiyyəti qurumlara müraciət etmək lazımdır”.
Ekspert qeyd etdi ki, bir neçə qaydaya riayət etməklə bu kimi risklərdən qorunmaq olar: “İstənilən bankda kart əldə etdiyiniz zaman ilk iş olaraq SMS bildiriş funksiyasını aktivləşdirmək lazımdır. Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə vasitəsilə yazan fırıldaqçının sözlərinə inanmaq olmaz. Bütün kart mərkəzlərinin 7/24 çalışan əməkdaşları var. Təhlükəli əməliyyat aşkarladıqları zaman vətəndaşın icazəsini soruşmadan belə bu əməliyyatı dondurmaq və bloklamaq səlahiyyətləri var.
Vətəndaş ona məxsus olmayan, ictimai açıq olan Wi-Fi şəbəkələrinə də qoşulmamalıdır. Məcburiyyətdən qoşulduğu zaman isə elektron bank sistemlərinə, elektron poçta, sosial şəbəkə sistemlərinə giriş etməməyə çalışmalıdır. Vətəndaş daxil olduğu saytların adlarının “https” ilə başladığına və öndə yaşıl qıfıl işarəsinin olduğuna diqqət yetirməlidir”.
Əsli TELMANQIZI