Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bilmək istəyirəm, hərbi xidmətdə olduğum dövr, təhsil aldığım müddət mənim sığorta stajıma və pensiyaya daxil edilirmi? Ümumiyyətlə, sığorta stajı nədir və ona hansı dövrlər daxildir? Qeyd edim ki, axşam şöbəsində oxumuşam və işləmişəm.

İşləməklə yanaşı, doktoranturada oxuyuram. Yaxın zamanlarda fəlsəfə doktoru olmaq üçün müdafiə etməliyəm. Bilmək istəyirəm, mənə ödənişli, ya ödənişsiz hər hansı bir məzuniyyət düşürmü?

13.10.2021 10:25
424
A+
A-

Bilmək istəyirəm, hərbi xidmətdə olduğum dövr, təhsil aldığım müddət mənim sığorta stajıma və pensiyaya daxil edilirmi? Ümumiyyətlə, sığorta stajı nədir və ona hansı dövrlər daxildir? Qeyd edim ki, axşam şöbəsində oxumuşam və işləmişəm.

 

Mürsəl BAXŞIYEV, Şirvan şəhəri.

 

- Pensiya qanunvericiliyinə əsasən, hərbi xidmətdə olduğunuz müddət sizin sosial sığorta stajınıza daxildir. Universitetin axşam şöbəsində təhsil aldığınız müddətdə işlədiyinizə görə həmin müddət də sosial sığorta stajına daxil edilir.

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsində bəhs edilir.

Həmin maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də sığorta stajına daxil edilir:

- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;

- istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;

- zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

- mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.

- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Qeyd edək ki, artıq əyani təhsil müddəti də pensiya təyin edilən zaman nəzərə alınır.    

 

İşləməklə yanaşı, doktoranturada oxuyuram. Yaxın zamanlarda fəlsəfə doktoru olmaq üçün müdafiə etməliyəm. Bilmək istəyirəm, mənə ödənişli, ya ödənişsiz hər hansı bir məzuniyyət düşürmü?

Sevda MÜRSƏLOVA, Gəncə şəhəri.

 

- Əmək Məcəlləsinin 122-ci maddəsində yaradıcılıq məzuniyyətləri və onların müddətlərindən bəhs edilir. Həmin maddəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

İşləməklə yanaşı, doktoranturada təhsil alan         (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.

Onu da qeyd etmək lazımdır ki, yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Doktoranturada təhsil alan işçilərə, yuxarıda qeyd edilən ödənişli məzuniyyətlərdən başqa, onların yazılı ərizəsi əsasında hər iş ilində 1 təqvim ayınadək ödənişsiz məzuniyyət də verilir.    

 

Bəzən vətəndaşlar əllərində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola təkrar-təkrar müraciət edirlər. Dörd dəfə cavab vermişik, amma eyni məsələni təkrar yazmaqda davam edirlər. Ərizəni baxılmadan saxlaya bilərikmi?

 

Əli MƏMMƏDLİ, Sumqayıt şəhəri.

 

- “Vətəndaşların müraciətləri haqqında” qanunun 8-ci maddəsində müraciətin baxılmamış saxlanılması halları göstərilmişdir. Onlardan biri müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, biri də vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatların olmamasıdır. Bu cür hallarda vətəndaşın müraciəti baxılmamış saxlanılmalıdır.

 

Təhsilalanların sosial müdafiəsi necə təmin olunur?

 

Səma RAMAZANOVA, Bakı şəhəri.

 

- “Təhsil haqqında” qanunun 35-ci maddəsinə əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar.

Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.

Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.

Özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.

ETİKETLƏR: