Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qara qızılın qiymət artımı faydalı və ziyanlı tərəfləri

Ekspert onu da dedi ki, 2021-ci ildə Azərbaycan büdcəsi üçün neftin qiyməti 40 dollar nəzərdə tutulmuşdur.

13.10.2021 10:59
20
A+
A-

Avropa birjalarındakı son rəqəmlərə görə “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 85,15 dollara qədər yüksəlib. Bu da əvvəlki göstəricidən 1,59 dollar çoxdur. Təbii qazın qiyməti isə 1600 dollar həddini keçib. Bu gün beynəlxalq birjalarda qazın min kubmetri 1606 dollara satılıb.

İqtisadçı-ekspert Eldəniz Əmirova görə, Azərbaycan iqtisadiyyatı neft və qazdan kifayət qədər asılı vəziyyətdə olduğu üçün bu artım ölkə büdcəsinə təsirində özünü göstərəcək: “Qiymət artımının səbəbinə gəldikdə isə, birincisi, pandemiya dövründə geriləmiş iqtisadiyyatlar postpandemiya dövründə sürətlə bərpa olmağa başlayır. İkincisi isə, “OPEC plus” ölkələrinin sonuncu görüşündə hasilat həcmlərinə qoyulan məhdudiyyətlərin hələ də qalmasına qərar verilməsidir. Belə ki, neft-qaz sahəsində xüsusi çəkisi olan ölkələr neftə olan tələbatın azalması səbəbindən pandemiya dövründə qərar qəbul etmişdilər: gündəlik hasilat həcmini azaltmaqla neftin bazara çıxışı məhdudlaşdırılmış və bu yolla da qiymətin qalxmasını strateji olaraq qarşıya məqsəd qoymuşdular. Bu addım  kifayət qədər özünü göstərə bilmiş, neft və qazın qiymətinin hazırkı vəziyyətə qalxmasına gətirib çıxarmışdır”.

Ekspert onu da dedi ki, 2021-ci ildə Azərbaycan büdcəsi üçün neftin qiyməti 40 dollar nəzərdə tutulmuşdur. Hazırda isə 2 dəfədən də artıq qiymətə satılır. Bu isə, təbii olaraq, əlavə gəlirlərin daxil olmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycan üçün əlavə maliyyə imkanlarının yaradılmasına töhfə vermiş olacaqdır.

E.Əmirov bildirdi ki, neft və qaz qiymətlərinin qalxmasının mənfi tərəfləri də var. Ölkədə inflyasiyanın artmasına səbəb olacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirdi. Dedi ki, Azərbaycanın neft-qaz ixracatçısı olduğunu və əsas gəlirlərinin yanacaq sektorundan, yəni təbii resurslardan əldə etdiyini nəzərə alsaq, dünya bazarlarında neftin və qazın qiymətinin qalxması ölkəmiz üçün pozitiv xəbərdir. Bu il üçün nəzərdə tutulan valyuta daxilolmalarından daha çox qazanc olacağı nəzərdə tutulur. Çünki cari il üçün Neft Fondunun büdcəsi təsdiqlənərkən neftin qiyməti indiki qiymətdən iki dəfə aşağı götürülmüşdür: “İndi isə neft artıq dünya birjalarında 82-83 dollara satılır. Nəzərə alsaq ki, Neft Fondu da büdcənin, sosial layihələrin formalaşmasında əsas donor, əsas mənbədir, deməli, əlavə hər qazanc, hər qiymət artımı Neft Fonduna daxilolmalara təsir göstərəcək.

Qazın qiymət artımına gəldikdə isə, bu, bir az fərqlidir. Belə ki, Azərbaycan qazı uzunmüddətli kontraktlarla satılır deyə gündəlik qiymət dəyişimi bu sahəyə birbaşa təsir göstərmir. Ancaq düşünürəm ki, neftin qiymətinin artması qaz ixracı üçün bağlanan kontraktlarda da dəyişiklik yaradacaq və gələn ildən Azərbaycanın qaz satışından əldə etdiyi gəlirlər də yüksələcək. Bu da ölkənin gəlirlərinin artması deməkdir. Deməli, ölkənin gəlirləri artırsa, sosial məsələlərə də daha çox vəsait artımı imkanları olur. Ancaq, təəssüf ki, gələn il üçün sosial rifahın yaxşılaşdırılması istiqamətində kəskin artım gözlənilmir. Ən yaxşı halda orta nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşmə olacaq ki, bu da 3-4 faiz civarında mümkündür. Düşünürəm ki, parlament tərəfindən də büdcə ilə bağlı məsələ müzakirəyə çıxarılarkən sosial müdafiə xərclərinin artırılması istiqamətində təkliflər olunmalı və bu yöndə işlər görülməlidir”.

Aliyə SƏMƏDOVA