Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müstəqilliyin töhfəsi:

Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında

20.10.2021 13:19
4
A+
A-

Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 ili tamam oldu. İkinci dəfə qazanılan müstəqillik illəri Azərbaycan üçün çətin, lakin davamlı bir inkişaf dövrü olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlət strategiyası sayəsində Azərbaycan dünyanın nəhəng dövlətləri ilə bərabərhüquqlu münasibətlər yaratmağa nail oldu.

Azərbaycanın dünyada sürətlə inkişaf etməkdə olan gənc müstəqil dövlət kimi nüfuz qazanması Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi - sosial və siyasi islahatların məntiqi nəticəsidir. 30 illik inkişaf yolunun ən böyük nailiyyətləri Azərbaycan dövlətinin iqtisadi gücünun artırılması və siyasi müstəqilliyinin daha da möhkəmləndirilməsi, işğal altında olan bütün ərazilərin azad edilməsidir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, sənaye sahəsində dünyanın qabaqcıl transmilli şirkətləri ilə əlaqələrin genişlənməsi ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirib.

Azərbaycanda innovativ inkişafın yeni reallıqları dünyanın müasir sənaye ölkələrindən birinə çevrilməsində mühüm perspektivlər açır. Azərbaycan hazırda yeni sənaye dövrünə qədəm qoyur. Ölkədə sənaye sektoru innovasiya, yeni iş yerləri yaratma və artım mənbəyi kimi qəbul edilir. Azərbaycan kimi orta gəlirli ölkələr üçün rəqabət qabiliyyətini artırmaq, yeni bazarlara çıxmaq və insan potensialına yeni innovativ sənaye sahələrinə və texnologiyalara investisiya qoyuluşu prioritet təşkil edib.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına düşən ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil etmişdir.

Kənd təsərrüfatı və iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir. Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası da  öz növbəsində bu əməlləri yüksək qiymətləndirir.

Bu siyasətdə əsas məqsəd  dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Ötən illərdə əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Xüsusilə nəzərə alaraq deyə bilərik ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, ötən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb.

Meliorativ tədbirləri də qeyd etsək, iki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib. Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Bunların hamısı su qıtlığını aradan qaldırmaq üçün görülən böyük işlərdəndir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində, dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

Şübhəsiz ki, ölkəmizə rəhbərlik etdiyi dövr ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı.

Azərbaycan xalqı Müstəqilliyin Bərpası Gününü ilk dəfə  ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Biz bu günü 30 ilə yaxın bir vaxt idi ki, gözləmişik. Müstəqilliyimiz əbədi, torpaqlarımız daim  bütöv olsun.

 

Tofiq QULİYEV,

“Kənd - Qida- İş” Həmkarlar

İttifaqı Federasiyasının sədri

ETİKETLƏR: