Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kəndlini kənddən uzaq salan səbəb nədir?

Səbəbləri millət vəkili Vüqar Bayramovla və iqtisadçı-ekspert Rəşad Həsənovla araşdırmağa çalışdım.

27.10.2021 11:07
63
A+
A-

Statistik göstəricilərə nəzər salsaq görərik ki, işqabiliyyətli əhalinin regionlar üzrə yerləşməsi normaldır. Kənd təsərrüfatı rayonlarında təxminən 2 milyon 430 min, şəhərlərimizdə isə 2 milyon 446 min məşğul əhali qeydiyyatdadır. Reallıqda bəs necədir? Kənd rayonlarının işqabiliyyətli sakinləri, xüsusilə kişi cinsindən olanlar doğma el-obasında qalıb çalışırlarmı?

Bu suala cavab vermək üçün nə iqtisadçı, nə sosioloq, nə də rəsmi şəxs olmaq lazım deyil. Tanışlarımdan biri deyir, elə kəndlərimiz var ki, orada toyuq başı kəsməyə kişi tapmaq çətin olur. Çörək istehsalçısı olan kəndlilər, el dilində desək, çörək ardınca şəhərlərə, yaxın, uzaq xarici ölkələrə üz tuturlar. Niyə belə xoşagəlməz vəziyyət yaranıb? Kəndlini kənddən uzaq salan səbəb və ya səbəblər nədir?

Səbəbləri millət vəkili Vüqar Bayramovla və iqtisadçı-ekspert Rəşad Həsənovla araşdırmağa çalışdım. V. Bayramov dedi ki, bu məsələ daim dövlətimizin diqqətində olub. Regionların sosial, iqtisadi inkişafı ilə bağlı proqramların hədəfi rayonlar və paytaxt, eləcə də böyük şəhərlər arasında fərqin azaldılmasına nail olmaqdan ibarətdir. Regionlarda infrastrukturu inkişaf etdirmək, sərmayələrin mərhələli şəkildə rayonlara yönəlməsini təmin etməkdir. Amma, təəssüf ki, hələ aparılan islahatlarla, dövlət proqramları ilə istənilən nəticəni əldə edə bilməmişik. Xüsusən də ixtisaslı kadrlar daha çox paytaxta iş axtarmağa üstünlük verirlər. Bu baxımdan əslində çox vacibdir ki, xüsusən də sənayeləşmədə rayonların payının artırılmasına nail olmaq mümkün olsun. Son dövrlər bir sıra sənaye müəssisələri, eləcə də sənaye parkları rayonlarda formalaşır. Bu dəstəklə yanaşı, özəl sektorun, eləcə də xarici investisiyanın bu istiqamətə daha yaxından cəlb edilməsi, xüsusən də ixtisaslı kadrların bölgələrdə işlə təmini vacibdir.

V.Bayramov vurğuladı ki, bəzi ölkələrdə xüsusən də bölgələrə investisiya qoyan şirkətlər üçün xüsusi güzəştlər edilir. Bu da, təbii ki, həmin investorları iri şəhərlərdə deyil, daha çox inkişafa ehtiyacı olan bölgələrə təşviq edir. Oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğun olardı. Bununla bölgələrdə yeni iş yerlərinin yaradılması sürətlənərdi. Bölgələrdə məşğulluğun təmin edilməsində özəl sektorun rolunun artırılması çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, özəl sektor nə qədər prosesə cəlb olunarsa, bu daha dayanıqlı, uzunmüddətli və ixtisaslı kadrların təmin olunacağı məşğulluğun formalaşmasına imkan yaradır.

İqtisadçı-ekspert Rəşad Həsənov isə problemin həlli yollarına diqqət yetirilməsinin vacib olduğunu dedi. Bildirdi ki,  Azərbaycanda son 20 ildə çox sürətli plansız urbanizasiya baş verib. Əhalinin təxminən 54 faizi şəhərlərdə yaşayır. Bu rəqəm digər region ölkələr üçün 65 faizdir. Bizdə plansız urbanizasiya  olduğu üçün özü ilə bərabər əksər istiqamətlərdə problemlər gətirdi. Urbanizasiyanın səbəbi yerlərdə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin oluna bilməməsidir. Bu proseslər 90-cı illərdən etibarən başlamışdı. O zaman rayonlarda, kəndlərdə şəraitsizliyə  görə, paytaxt və digər böyük şəhərlər ətrafında cəmləşmə prosesi gedirdisə, indi bu, tamamilə məşğulluqla, iqtisadiyyatın əhəmiyyətli hissəsinin Bakı və onun ətrafında olması, iş yerlərinin burda açılması ilə bağlıdır. Məsələn, Naxçıvan Muxtar Respublikasında yaşayan insanların  böyük əksəriyyəti üçün 2000-ci illərin sonuna qədər faktiki olaraq əsas iş yeri Türkiyə, Rusiya və s. digər alternativ ölkələr idi. Digər rayonların əhalisi də əsasən Rusiyaya gedirdi. 2003-2004-cü illərdən etibarən isə Bakıda tikinti bumu formalaşdı, iş yerləri açılmağa başladı. Xüsusilə fiziki əməyə ehtiyac artdı və qonşu ölkələrə gedənlərin böyük əksəriyyəti  ölkəyə qayıdıb burda məskunlaşdılar. Rayonlarda idareetmə mexanizminin qeyri-səmərəli olması, icra hakimiyyətlərinin özbaşınalığı, müdaxiləsi, icra hakimiyyəti institutunun qeyi-effektiv iqtisadi  parametrləri özündə əks etdirməyən fəaliyyəti vətəndaşların rayonlara deyil, şəhərə qayıtmalarına əsas səbəb oldu. Düzdür, bu məqsədlə dörd dövlət proqramı icra olunub. Proqram çərçivəsində müəyyən işlər görülüb. Amma bunların böyük əksəriyyəti faktiki olaraq effektiv şəkildə icra olunmayıb, səmərəli nəticələrə gətirib çıxarmayıb.

 R.Həsənov vurğuladı ki,  intensiv kənd təsərrüfatı çox vacib məsələdir. Çünki kənd təsərrüfatı mənfəət norması baxımından iqtisadiyyatın digər sektorlarından daha aşağı göstəricilərə malikdir. Sektorda ölkə əhalisinin 36 faizi çalışır və iqtisadiyyatda payı 5-6 faiz arasındadır. Bu o deməkdir ki, əlavə dəyər yaratmaq imkanları məhduddur. Bunun da əsas səbəbi ənənəvi təsərrüfatçılıqdır. İntensiv kənd təsərrüfatı modelinin tətbiqi bu regionlar üçün ən vacib  fəaliyyət istiqamətlərinin inkişafına gətirib çıxarda bilər. Həmçinin regionlarda əməkhaqqı səviyyəsinin  artırılması ilə bağlı şaxələndirilmiş mexanizmin olmasıdır. Düzdür, məsələn, təhsil sahəsində  ucqar kəndlərdə çalışanlar üçün bu nəzərə alınır, amma bu, bütövlükdə digər sahələri əhatə etmir. Regionlara, ucqar kəndlərə doğru, həyat tərzinin çətinliyinə görə, coğrafiya dəyişdikcə əhalinin gəlirlərinin, sosial müavinətlərinin, təqaüdlərinin də artımı nəzərə alına bilər. Eyni zamanda büdcə vasitəsilə  iqtisadiyyatdan əldə olunan gəlirlərin paylaşdırılması ilə bağlı regionlara doğru proqressiv  diferensiallaşma nisbəti mexanizmi tətbiq edilməlidir. Belə olduğu təqdirdə, təbii ki, orta və uzunmüddətli dövrdə bu acınacaqlı urbanizasiya prosesini müəyyən qədər neytrallaşdırmaq olar.

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto