Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kirayə mənzil bazarında bahalaşma

Mərkəzin rəhbəri onu da əlavə etdi ki, tikinti materialları bazarındakı qiymət dəyişmələrinin  kirayə mənzil bazarındakı qiymət artımına heç bir təsiri yoxdur.

27.10.2021 11:16
38
A+
A-

Oktyabr ayının sonu olmasına baxmayaraq,  kirayə mənzil bazarında qiymətlərdə artım davam etməkdədir (adətən avqust-sentyabr aylarında bahalaşma olur, sonra qiymətlər tədricən düşür). Son zamanlar daşınmaz əmlak bazarında kirayə mənzillərin bahalaşmasına səbəb nədir? Tikinti malları bazarında bahalaşmanın buna təsiri varmı? Artan tempdə olan qiymət artımının qarşısını almaq mümkündürmü?

 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirdi ki, qiymət artımına səbəb kirayə mənzil bazarında tələbin təklifi kəskin şəkildə üstələməsidir. Təklif portfelinin həcmi ilbəil daralır və bu da, təbii ki, kirayə mənzil bazarında qiymətlərin artan dinamika ilə davam etməsinə gətirib çıxarır. Adətən ali məktəb tələbələrinin yayda tətillə əlaqədar rayonlara qayıtması, dərslər başlayan ərəfədə isə Bakıya qayıtdıqları zaman qiymət artımı baş verir.  İndi isə müşahidələr göstərir ki, artıq bu tendensiya, demək olar ki, arxa plana keçmişdir. İlin bütün dövrlərində biz kirayə mənzil qiymətlərində artım müşahidə edirik.

R.Osmanlı  hətta pandemiya şəraitində belə ciddi qiymət azalmasını müşahidə etmədiyini bildirdi. Dedi ki, təklif portfelinin azalmasının səbəbləri isə tikinti və şəhərsalma ilə əlaqədar paytaxtın mərkəzinə  yaxın olan ərazilərdəki köhnə yaşayış massivlərinin söküntüsü ilə bağlıdır.  Misal olaraq, biz “Sovetski”də, “Kubinka”da və sair bu tipli ərazilərdə hökumət tərəfindən aparılan söküntüləri müşahidə edirik. Bir  də, təbii ki, ayrı-ayrı şirkətlər tərəfindən söküntü prosesi həyata keçirilir. Hər iki halda bu, təklif portfelinin həcminin məhdudlaşmasına gətirib çıxarır. Yəni beləliklə, mənzillər azaldıqca, kirayə mənzillərə olan tələb artır. Praktiki olaraq indiki mərhələdə təklif tələbi ödəmir. Düşünürəm ki, müəyyən mərhələdən sonra vəziyyət stabilləşəcək.

R.Osmanlı onu da qeyd etdi ki, paytaxta yaxın ərazilərdə yataqxana, hostel, tələbə yataqxanası kimi obyektlərin tikintisinə ehtiyac var. Azərbaycanda bu məsələ, təəssüflər olsun ki, sahibkarların diqqətindən kənarda qalıb. Yaxşı olardı ki, sahibkarlar,  müəyyən qədər vəsaiti olan insanlar bu məsələ ətrafında düşünsünlər, çünki kifayət qədər gəlirli sahədir. Bu sahənin inkişafı sahibkarlığın inkişafına təkan verməklə yanaşı, digər tərəfdən kirayə mənzil bazarında süni qiymət artımının qarşısını almağa da müəyyən dərəcədə təsir etmiş olar.

Mərkəzin rəhbəri onu da əlavə etdi ki, tikinti materialları bazarındakı qiymət dəyişmələrinin  kirayə mənzil bazarındakı qiymət artımına heç bir təsiri yoxdur.

“MBA Consulting Group”  şirkətinin  direktoru Nüsrət İbrahimov isə kirayə mənzil  bazarında qiymət artımının 7.42 faiz təşkil etdiyini vurğuladı:  “Sizin də qeyd etdiyiniz kimi, əvvəlki illərdə qiymət artımı avqustun ikinci dekadası, sentyabr aylarında müşahidə edilirdi. Amma oktyabrda isə  tədricən stabilləşir və növbəti aylarda əvvəlki məcrasına qayıdırdı.  Lakin bu il  təhsil prosesinin başlanğıcı da pandemiya ilə əlaqədar olaraq   gecikdiyi üçün  bu proses də bir qədər gecikib”.

Şirkət rəhbəri əlavə etdi ki, bu il fərdi yaşayış və bağ evləri də bahalaşıb. Düşünürəm ki, yay aylarına doğru bazarda aktivlik daha da artacaq. Bu isə nəticədə qiymətlərin indikindən daha da yüksək olmasına gətirib çıxaracaq.  Lakin qiymətlərin bahalaşmasına baxmayaraq, əməliyyatların sayında və bazara müraciətlərin sayında əvəlki illərlə müqayisədə azalma var. Həmçinin mənzillərlə yanaşı, Bakıətafı kənd və qəsəbələrdə torpaq bazarında da qiymətlər bahalaşıb.

 

Gülöyşə MƏMMƏDLİ