Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rayonların özünümaliyyələşdirməsi ilə bağlı ikitərəfli yanaşma

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

10.11.2021 11:16
62
A+
A-

Bəs, görəsən, həmin rayonlar özünü maliyyələşdirə biləcəkmi? İşğaldan azad edilmiş rayonlarımızdan da bu siyahıda olacaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır və bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradacaq: “Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

Millət vəkili gələn il dövlət büdcəsindən 37 milyon 456 min manat vəsait ayrılacaq 14 rayonun adını da açıqladı. Belə ki, layihəyə əsasən, dövlət büdcəsindən Ağdam rayonu 4 milyon 980 min manat, Balakən 1 milyon 612 min manat, Cəbrayıl 2 milyon 874 min manat, Goranboy 2 milyon 156 min manat, Xocalı 1 milyon 527 min manat, Xocavənd 1 milyon 540 min manat, Kəlbəcər 3 milyon 528 min manat, Qax 5 milyon 476 min manat, Laçın 2 milyon 416 min manat, Lerik 2 milyon 434 min manat, Oğuz 2 milyon 484 min manat, Yardımlı 2 milyon 103 min manat, Zəngilan 1 milyon 409 min manat və Zərdab 2 milyon 917 min manat vəsait alacaq: “Bu 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı özünü dolandıra biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə başqa prizmadan yanaşdı. Dedi ki, ölkəmizdə hər hansı bir rayon özünü maliyyələşdirə bilməz. Çünki bunun üçün ilk növbədə qanunvericilik bazası olmalıdır. O da yoxdur: “Azərbaycanda heç bir rayonun özünün müstəsna büdcəsi, müstəsna vergi yığma səlahiyyəti yoxdur. Yəni mərkəzləşdirilmiş büdcə gəlirləri və mərkəzləşdirilmiş büdcə xərcləri olan bir ölkədə bunun olması mümkün deyil. Burada, sadəcə, bir məsələ var. İstənilən rayonda qeydiyyatdan keçmiş müəssisələr var ki, onların mərkəzi büdcəyə ödədiyi vəsait rayonlar üzrə bilinir. O rayonların da cari xərcləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Məsələn, müəssisə Ağcabədi rayonunda qeydiyyatdan keçib, ancaq Bakıda fəaliyyət göstərə bilər. Bu, mümkündür, çünki Azərbaycan qanunvericiliyi buna imkan verir. Yəni o, Bakıda fəaliyyət göstərir, qazandığı vəsaitin büdcəyə ödədiyi vergisi kağız üzərində qeyd olunur. O vergilər də toplandıqdan sonra həmin rayonun cari xərcləri nəzərə alınır və toplanan vergilərin üst-üstə düşməsi və yaxud da vergilərin daha çox olması halında həmin rayon, sadəcə, kağız üzərində öz-özünü dolandıran rayon elan edilir. Bir sözlə, icra hakimiyyətində görüləcək işlərlə bağlı ayrılmalar və rayon ərazisindən toplanan vergilər cari xərclərlə üst-üstə düşürsə, bu, öz-özünü dolandıran, özünü maliyyələşdirən rayon kimi qeydiyyata alınır. Ancaq indiki qanunvericilik, vergi sistemi ilə özünü dolandırmaq anlayışı mümkün deyil. Bunun üçün yerli icra hakimiyyəti institutları ləğv edilərək böyük şəhər bələdiyyələri yaradılmalı, bələdiyyə institutu gücləndirilməli və büdcənin formalaşdırılması üçün bələdiyyələrin vergi toplamaq və yaxud da toplanan vergidən müəyyən pay almaq hüquqları olmalıdır. Məsələn, ƏDV 18 faizdir. Hər hansı bir bələdiyyənin ərazisindən topladığı ƏDV-nin 3 faizi həmin bələdiyyənin büdcəsinə gedir. Mənfəət vergisinin 3 faizi yenə bələdiyyənin büdcəsinə daxil olur. Bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır. Belə bir sistem qurulmadan “filan rayon özünü dolandırır” fikri, düşünürəm ki, yanlış yanaşmadır. Bu baxımdan Türkiyə və Gürcüstan təcrübəsindən kifayət qədər istifadə etmək olar. Azərbaycan reallığını nəzərə alaraq ordakı bələdiyyələrin formalaşdırılması sistemini öyrənib yeni qanunvericilik bazası hazırlasaq, o zaman bəli, regionlar özlərini dolandırmaq üçün müəyyən addımlar ata, hətta özləri də öz aralarında rəqabət apara bilərlər”.

Natiq müəllim işğaldan azad olunan rayonların bəzilərinin adlarının bu siyahıda olmasının düzgün olmadığını hesab etdiyini də dedi: “O rayonların siyahısında Şuşa, Qubadlı və Füzuli rayonları var. Gəlin, obyektiv yanaşaq, bu gün o rayonların bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda, həmin rayonların “özünü maliyyələşdirməsi” sisteminə keçməsi, düşünürəm ki, doğru yanaşma deyil”.

 

Aliyə SƏMƏDOVA