Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hədəfimiz yaxşıları dəyərləndirmək

və onların həmyaşıdlarını həvəsləndirməkdir

24.11.2021 10:44
8
A+
A-

Noyabrın 18-də  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində (MİHİ RK) “İlin peşəkar gənci” nominasiyasına layiq görülən  gənc fəallara mükafatların  təqdimolunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova həmkarlar ittifaqı təşkilatlarının  həyata keçirdiyi tədbirlərdən, nailiyyətlərdən və təşkilatın fəaliyyətində gənclərin aktiv rolundan söhbət açdı. Bildirdi ki, ittifaqımız pandemiya dövründə fəaliyyətini daha da gücləndirmiş bu bəşəri bəlaya çevrilmiş virusdan əziyyət çəkən, qayğıya ehtiyacı olan üzvlərimizə, aztəminatlı ailələrə, Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə yardımlar göstərmişdir.  Yardımların təşkilində sözsüz ki, gənclər aparıcı mövqedə dururlar. Cəmilə xanım yeri gəlmişkən II Qarabağ müharibəsi mövzusuna da toxundu. Dedi ki, son 17 ildə yetişən gənclərimiz bütünlüklə Vətənə məhəbbət ruhunda böyümüşlər. Məhz bu gənclərin hesabına, formalaşmış ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın düşmən tapdağı altında qalmış gözəl Qarabağı işğaldan azad etdi. Ön cəbhədə döyüşən igidlər sırasında ittifaqımızın üzvləri, onların övladları da var idi. Biz onlarla fəxr edirik.

Postmüharibə dövrü də gənclərimizin aktivliyi ilə əlamətdardır. Quruculuq işlərində iqtisadiyyatımızın, mədəniyyətimizin inkişafı, sosial həyatımızın yaxşılışması üçün səylə çalışırlar. AHİK bu naminasiyanı təsis etməklə ən yaxşıları dəyərləndirməyi, onların həmyaşıdlarını da daha peşəkar olmağa ruhlandırmağı qarşısına məqsəd qoymuşdur.

C.Səttarova Respublika Komitəsi tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş  gənclərə - “Ülfət” qəzetinin müxbiri  Əsli Əhmədovaya, AHİK-in Beynəlxalq  əlaqələr şöbəsinin müdiri Anar Mehbalıyevə və AHİK-in Mətbuat və ictimayətlə əlaqələr şöbəsinin mütəxəssisi Əzim Talıbova AHİK-in Fəxri diplomunu, döş nişanını təqdim etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Sonra RK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Həmidov mükafata layiq görülən gəncləri təbrik etdi. Dedi ki, koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bağlı, xidmət əhatəmizdə olan şəhər, rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatları ilə heç də həmişə birbaşa, necə deyərlər, üz-üzə əlaqə saxlamaq mümkün olmasa da əməkdaşlıq fəaliyyətimizə qısa müddətə belə fasilə verməmişik. Əlaqələrimiz onlayn formatda həyata keçirilib.

2018-2022-ci illər üzrə qəbul edilən Əsas İstiqamətlər Konsepsiyasına uyğun olaraq, 2018-ci ildən Gənclər Forumu keçirilir. Gənclər Forumlarında hər il 50-60 gənc iştirak edib. Forum günlərində Respublika Komitəsi tərəfindən gənc üzvlər arasında “Gənclər günü”, “Bədən Tərbiyəsi və idman günü”nə həsr olunmuş yığıncaqlar, baxış-müsabiqələr təşkil olunub. Bu və ya digər tədbirlərin təşkilində Gənclərlə iş üzrə komissiyamız Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurası ilə sıx əməkdaşlıq edir.

AHİK-in təşkilatçısı olduğu ənənəvi “İlin peşəkar gənci” və “Gənc həmkarlar iitifaqı lideri məktəbi” müsabiqələrində ittifaqımızın gənc üzvləri öz layihələri ilə iştirak edir, müsbət nəticələrə nail olurlar.

ETİKETLƏR: