Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Biz ancaq icra edirik”

“Orta statistik ailəni 4 nəfərdən ibarət götürsək, indiki qaz limitinin soyuq qış aylarında 3-4 ayda bitməsi, təbii ki, qaçınılmazdır”.

24.11.2021 12:14
3
A+
A-

Tarif Şurasının verdiyi qərara əsasən, iyulun 1-dən etibarən karta yüklənən pula görə qazın həcmi 2200 kubmetrdən 1200 kubmetrə endirilmişdi. Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılan limit azaldılaraq 1200 m3 olmuşdur. Oktyabrın 16-da qəbul edilən son qərarla əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 12 qəpikdən, 1200-2200 m3 arası 20 qəpikdən, 2200 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyir.

Hələ sərt soyuqlar düşməyib, ancaq əhalinin qaza olan limiti artıq, demək olar ki, bitib. Nəzərə alsaq ki, dağlıq və dağətəyi rayonlarımızda soyuq ayların sayı digər rayonlarımıza nisbətən daha çoxdur, o zaman verilən bu limit nə dərəcədə kifayət edir? Bu rayonlar üzrə qiymət və ya limit diferensiallaşması tətbiq edilməsi daha məqsədəuyğun olmazdımı? Digər tərəfdən də, ərzaq və qeyri-ərzaq məhsullarının, kommunal xidmətlərin qiymətinin qalxması fonunda üstəlik də bu qərar ortagəlirli əhali üçün çox böyük çətinliklərə səbəb olur.

“Orta statistik ailəni 4 nəfərdən ibarət götürsək, indiki qaz limitinin soyuq qış aylarında 3-4 ayda bitməsi, təbii ki, qaçınılmazdır”. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini bildirərkən dedi: “Hətta limitin 2200 m3 olduğu zamanda “Azəriqaz” bu limitin orta statistik ailə üçün təxminən 8-9 aya kifayət etdiyini bildirmişdi. İndi isə limitin təxminən yarıya qədər endirilməsi əhalinin rifahını xeyli ağırlaşdırır. Düşünürəm ki, ən pis halda limitin aşağı endirilməsindənsə, qiymətin nisbətən artırılması daha məqsədəuyğun olardı. Ümumiyyətlə, Azərbaycan kimi qaz ölkəsində hansısa bir limitin olması doğru deyil. Yaxşı, deyək ki, limit endirilir, sizin də dediyiniz kimi, onda bunun bölgələr, gəlir dağılımı, insanların gəlirlilik səviyyəsi üzrə diferensial tətbiqi lazım idi. Çünki rəsmi statistik göstəricilərdə regionlarda yaşayan insanların hansı gəlirə malik olduqları aşağı-yuxarı bilinir. Yəni, bir sözlə, bütün bunlar nəzərə alınmalı idi”.

N.Cəfərov dedi ki, limitin ilin ortasında endirilməsi doğru addım deyildi. Çünki hələ soyuq ayların qabaqda olduğunu nəzərə alsaq, bu limitin ilin sonuna qədər bitməməsi qeyri-mümkün idi: “Ümumiyyətlə, sizdən bir vətəndaş olaraq xahiş edərdim ki, “Azəriqaza” bu limitin hansı aydan və necə hesablanması haqda sorğu göndərəsiniz”.

Biz də qəzet olaraq, bu haqda “Azəriqaz”a və İqtisadiyyat Nazirliyinə müraciət etdik. “Azəriqaz”ın əmakdaşı bildirdi ki, bu, Tarif Şurasının qərarı olduğu üçün bizim hər hansı bir müdaxiləmiz mümkün deyil. Bizə bunu icra etmək qalır. Onu da dedi ki, limitin endirilməsi bina evlərinin istifadəsi üçün normal olsa da, həyət evləri üçün bu, çox azdır. Və sonda qeyd etdi ki, limit yanvar ayının 1-dən sıfırlanacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxsi Abbas Əliyevə isə bildirdi ki, bu qərar standartdır. Ölkə üzrə vahid tarif qəbul olunub və növbəti qanun dəyişikliyinə kimi bu formada qalacaq.

 

Aliyə SƏMƏDOVA