Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaq pulunun verilməsi aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması yönündə aparılan növbəti uğurlu addım olacaq

Azərbaycanda uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Son bir ildə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunub və olunmaqdadır.

22.04.2021 12:14
779
A+
A-

Azərbaycanda uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Son bir ildə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunub və olunmaqdadır.

 “Azərbaycanda “uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb”. Bunu Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin üzvü, millət vəkili Tamam Cəfərova dedi.

Millət vəkili bildirdi ki, həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb:

“Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir”.

T.Cəfərova bildirdi ki, bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlər ödənilir.

Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır. Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, ölkəmizdə ödənişlər uşaqların sayına və yaşına uyğun hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə, təminatına və ehtiyaclarına bağlı olan bir məsələdir. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur (bu yaş qrupları fərqli də ola bilər. məs., 0-3, 4-6, 6-12 və ya 7-17 və s.) 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox, yəni orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar.

Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır. Və ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli mövzuya münasibət bildirərək dedi ki, dünyada və Azərbaycanda bu məsələyə iki aspektdən-demoqrafik və sosial ədalət prinsipinə görə yanaşılır. Hesab edirəm ki, ölkədə hər iki aspekt ilə bağlı uşaq pulunun  verilmə vaxtı gəlib çatıb. Nəzərə alsaq ki, 2014-cü ildən sonra doğumların sayında azalma var ki, bu da gələcəkdə demoqrafik problem yarada bilər. Düzdür, doğumla bağlı qonşu ölkələrə nisbətən bizdə vəziyyət yaxşıdır, amma trend olaraq doğumların azalması sürətlə gedir. Ona görə də həm demoqrafik vəziyyəti sabitləşdirmək və yaxşılaşdırmaq  üçün dəstək məqsədilə uşaq pulu verilməlidir, həm də sosial problemin həlli kimi. Çünki Azərbaycanda sosial təminatla bağlı müəyyən həllini tapmayan məsələlər var. Uşaqlar üçün də müəyyən sosial təminatlar var, amma bu, mərkəzləşdirilmiş şəkildə olmadığı üçün istənilən nəticəni vermir. Hazırda 418 minə yaxın uşağa müxtəlif adda sosial yardımlar olunur. Amma uşaq pulunun mərkəzləşdirilmiş, müəyyən formul, gələcəyə yönəlik addımlar çərçivəsində, indiki iqtisadi duruma uyğun olaraq verilməsi labüddür. Çünki ünvanlı sosial yardımla uşaq pulu məsələsi bəzən kəsişir. Amma bunlar bir-birindən ayrı məsələlərdir. Sosial müavinətlər işsizliklə, əlilliklə, müxtəlif statuslarla bağlı ola bilər. Amma uşaq pulu ölkədəki ailələrin hamısına aid edilən məsələdir. Sözsüz ki, sosial müdafiəyə ehtiyac olanlara müxtəlif formalarda vəsaitlərin ayrılması gələcəkdə də davam etdirilməlidir. Amma onun tərkibindən uşaqlara  çatacaq vəsaitin daha professional, şəffaf, əhatəli şəkildə verilməsinə ehtiyac var. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən sosial yardım paketinin içərisindən uşaqlara ayrılan vəsaitin daha genişləndirilmiş formada tətbiq olunması ürəkaçan nəticəni verə bilər.

N.Cəfərli bildirdi ki, qonşu ölkələrdə uşaq pulunun verilməsi əsasən demoqrafik problemin həlli ilə bağlıdır. Məsələn, Rusiyada doğuş azalıb, hətta ölüm doğuşu üstələyib. Bütün beynəlxalq hesabatlarda da qeyd olunur ki, bu cür davam etsə, 2050-ci ilə qədər Rusiya əhalisinin  sayının indiki 145 milyondan 100 milyona qədər azalması ehtimalı da var. Demoqrafik böhranın qarşısının alınması məqsədilə son 15 ildə atılan bu cür addımlar nəticəsində bir az da olsa, sabitlik yarandı. Qonşu Gürcüstan, Ermənistanda da kəskin demoqrafik problem var. Hətta Ermənistanda vəziyyət daha bərbaddır. BMT-nin hesabatına görə, artıq onlar qrafikin  pik nöqtəsini keçiblər, nə etsələr də, onlar demoqrafik böhranın qarşısını ala bilməyəcəklər. Ən yaxşı halda 2050-ci ildə cəmi 2 milyon erməni əhalisinin olacağı söylənilir. Bu ölkələrdə uşaq pulunun verilməsi əsasən demoqrafik problemə söykənib. Bizim təkliflərimiz var ki, uşaq pulu büdcəyə birdən-birə yük olmasın deyə, mərhələli şəkildə həyata keçirilə bilər. İlk növbədə körpə dünyaya gələn zaman verilən birdəfəlik yardım artırılmalıdır. Bunu 200 manatdan -1000 manata qədər artırmaq yaxşı olardı. Zatən 200 manat ayrılır, 800 manat artım da olsa, fikrimcə büdcəyə elə də böyük yük düşməyəcək.  Qeyd edim ki, ölkəmizdə 2 milyon 800 min 0-18 yaş arası uşaq var. Onların  təqribən 917 minə yaxını ailənin ikinci uşağıdır. İkinci addım kimi gələn ildən bu məsələnin həllinə başlamaq  və büdcəyə çox yük düşməməsi üçün ikinci uşaqlara aylıq 100 manatın verilməsi də məqsədəuyğun olar. İlə 1 milyard manata yaxın vəsait edir. Sonrakı mərhələlərdə 2023-24- cü illərdə bu məbləğ və əhatə dairəsi artırıla bilər. 

Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da məsələ ilə bağlı fikir və təkliflərini bizimlə bölüşdü. Dedi ki, son zamanlar cəmiyyəti çox düşündürən və getdiyimiz hər bir toplumda verilən suallardan biri  uşaq pulunun nə zaman tətbiqi ilə bağlıdır. Təbii ki, bu günə qədər bir çox millət vəkili, eyni zamanda mən, bu məsələ ətrafında çeşidli fikirlər, təkliflər irəli sürmüşük.

O, hazırda ailələrin bir hissəsinə uşaq pulu əvəzinə, sosial müavinətlərtn ödənilməsini müsbət addım kimi qiymətləndirdi. Lakin qeyd etdi ki, çoxuşaqlı, aztəminatlı ailələrin övladlarına məktəb geyimləri, məktəb ləvazimatları almaqda köməklik olsun deyə, ildə bir dəfə, avqust -sentyabr aylarında, müəyyən məbləğ ayrılmalıdır. İki il əvvəl irəli sürdüyüm bu təşəbbüs çoxsaylı təkliflərdən biridir. Verilən təkliflər, sözsüz ki, hökumət, əlaqədar qurumlar tərəfindən araşdırılır. Amma nəzərə almalıyıq ki, biz müharibə şəraitindən yeni çıxmış ölkəyik. Mərhələli şəkildə, müəyyən təkliflərin nəzərə alınacağına, bu məsələlərin birdəfəlik həll olunacağına inanıram.

Uşaq pulunun verilməsi ilə bağlı mütəmadi olaraq fikirlərini səsləndirən millət vəkillərindən biri də Fazil Mustafadır. Həmsöhbətimiz dedi ki, hər kəsə deyil, əsasən sosial vəziyyəti ağır olan ailələrə yardım verilməlidir. Ailəsinin gəliri kifayət qədər imkanı olan uşaqların intellektual inkişafına, təbii ki, uşaqpulunun ayrılması bir o qədər də vacib deyil. Bütün bunlar kompleks düşünülməlidir. Düşünürəm ki, ilk növbədə 6 yaşına qədər olan uşaqlara müavinətin verilməsi təmin olunmalıdır. Çünki əsasən körpə uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Onların yeməkləri, sağlamlığı ilə bağlı ailələrə böyük maddi yük olur. İkinci mərhələdə isə 12 yaşa qədər uşaqların müəyyən məbləğlə təmin olunması nəzərdə tutulmalıdır. Ailələrin gəlir səviyyəsi dəqiq müəyyən olunmalıdır. Büdcəyə də ağırlıq salmadan bu məsələnin mərhələli şəkildə həllinə nail olmalıyıq. 

Bir sıra ölkələrin

təcrübəsinə nəzər salaq.

 

Rusiya

 

Rusiyada 2021-ci il yanvarın 1-dən etibarən müavinətlərin hesablanmasında üçpilləli bir sistem tətbiq olunur. Bu zaman uşaqların bölgələr üzrə yaşayış minimumu əsas götürülür və üçpilləli sistem üzrə həyata keçirilir. Uşaq pulunun ayrılması zamanı birinci mərhələ üçün 50 faiz yardım və ya 5630 rubl (73 dollar) baza məbləği nəzərdə tutulur. Əgər 50 faizlik müavinət bölgədəki ailənin minimum yaşayış səviyyəsini təmin etmirsə, o zaman yardımın həcmi 75 faizə və 8475 rubla (110,83 dollar) qaldılır. Bu vəsat də ailənin regional yaşayış minimumunu təmin etməsə, müavinətin həcmi 100 faiz və 11 300 rubla (147,77 dollar) qədər artırılır.

Uşağın doğulduğu və ya övladlığa götürüldüyü ailələr birinci və ya ikinci uşaq üçün aylıq ödəniş almaq hüququna malikdirlər. Lakin həmin ailələrdə adambaşına düşən gəlir minimum əməkhaqqının iki mislini keçməməlidir. 2021-ci ildən Rusiyada minimum əməkhaqqı 12.792 rubl təşkil edir. Müavinətin miqdarı uşağın yaşayış minimumu üçün nəzərdə tutulub. 2021-ci ilin aprelin 1-dən aztəminatlı ailələrdə 3-7 yaşlarında olan uşaqlara ödənilən aylıq və birdəfəlik ödəniş qaydaları dəyişib. Bəzi ödənişlərin həcmi və qeydiyyatı üsulları yeni qaydalar əsasında müəyyənləşib. Lakin uşaq pulu almaq istəyən ailələr sosial müdafiə orqanları tərəfindən xüsusi yoxlamadan keçməlidir. Bu zaman ailənin gəlirləri, daşınmaz əmlak, bank depozitləri nəzərə alınır. Ən vacib meyar kimi bölgələrdə yaşayan ailələrin yaşayış səviyyəsinin aşağı olması götürülür.

Rusiyada uşaq pulu üçpilləli sistem üzrə yalnız azyaşlılara deyil, həmçinin 23 yaşa qədər əyani təhsil alan tələbələrin ailələrinə də ayrılır.

 

Qazaxıstan

 

Qazaxıstanda uşaq pulu 0-18 yaşlarını əhatə edir. Dövlət müavinətləri həm tək, həm də çoxuşaqlı ailələri əhatə edir. Bir uşağa görə ödənilən müavinətin həcmi 2021-ci ildə 16802 tengeyə qədər (40 dollar) artırılıb. Bu məbləğ ikinci uşağa görə 19 865 tenge və ya 47 dollar təşkil edir. Üçuşaqlı ailələrə isə 22 899 tenge və ya 54,5 dollar aylıq maddi yardım verilir. Dörd övladı olan valideynlər və qəyyumlar 46 759 tenge müavinət alır. Bu isə 114 dollara bərabərdir. Beşuşaqlı ailələr 58 457 tenge, yaxud 139 dollar uşaq pulu alır. Qazaxıstan hökuməti altı uşağı olana 70 154 tenge və ya 167 dollar, yeddi uşağa görə isə 81 851 tenge və ya 195 dollar müavinət ödəyir. Bu göstərici səkkiz uşaqda 93 334 tenge və ya 222 dollar, doqquz uşaq üçün 105 012 tenge və ya 250 dollar təşkil edir. On uşaqlı ailələrə isə Qazaxıstan dövləti 116 680 tenge və 278 dollar uşaqpulu verir. Eyni zamanda 2021-ci ildən etibarən Qazaxıstanda qadınlara xüsusi status verən mükafatlar təsis edilib.

 

Türkiyə

 

Türkiyədə 2015-ci ildən bəri ödənilən uşaq pulu müavinətləri iki kateqoriyaya bölünür. Bunlar doğuşa görə anaya verilən birdəfəlik yardımdan və orta məktəb yaşı çatmış uşaqlara görə ödənilən sosial müavinətdən ibarətdir. Həmin müavinətlər hökumətin konkret tələbləri əsasında təmin edilir. Uşaq pulu valideynlərinin adına əmlak və sığortası olmayan, dul, yetim və pensiya təqaüdü almayanlara verilir. Ailələrə verilən uşaq pulu hər il minimum əməkhaqqı kimi müəyyən nisbətdə artırılır. Bundan başqa, Türkiyədə uşaq pulunun məbləği uşaqların sayına görə fərqlənir. Yəni birinci doğuşa görə 300 türk lirəsi müavinət alan ana, ikinci doğuş zamanı 400, üçüncü uşaqda isə 600 lirə alır. Türkiyədə uşaq pulu ödənilərkən valideynin məşğulluq vəziyyəti nəzərə alınmır. Qanunvericiliyə görə, uşağı dünyaya gətirən ana Türkiyə vətəndaşı olmalıdır. Uşaq pulu yalnız 2015-ci il may ayının 15-dən sonra doğulan uşaqlara görə verilir. Sözügedən müavinətin ödənilməsi üçün mühüm şərtlərdən biri də orta təhsil prosesinin davamlı olmasıdır. Orta məktəbdə oxumaqdan imtina edən azyaşlılara uşaq pulunun verilməsi də dayandırılır.

Avropa Birliyi ölkələrində isə uşaq pulunun verilməsi bir növ məcburi sayılır.

Almaniyada uşağı olan hər ailəyə aylıq uşaq pulu verilir. Əsas şərt uşağın bu ailədə yaşaması və onun tərəfindən dəstəklənməsidir. Hazırda birinci və ikinci uşaq üçün bu cür ödənişlər hər biri üçün 219 avrodur. Beləliklə, dövlət uşaqları yetkinlik yaşına çatana qədər valideynləri dəstəkləyir. Uşaq müavinətinin ödənişi, məktəbdən sonra məktəbə getməyə qərar verərsə, bu, uşağın 25 yaşına qədər uzadıla bilər. Ailədəki uşaq sayı artdıqca, hər növbəti uşaq üçün müavinət miqdarı da artır. Beləliklə, üçüncü uşaq üçün dövlət ayda 225 avro, dördüncü üçün isə 250 avro ödəyir.

İngiltərədə uşaq müavinətlərinin hesablanması qaydası belədir, ailədə bir uşaq varsa, ailə büdcəsi aylıq 105 avro artırılır. Hər əlavə uşaq üçün valideynlər ayda 70 avro almaq hüququna malikdirlər. Yalnız ailənin altı və ya daha çox uşağı varsa, hər əlavə uşaq üçün müavinətin miqdarı 35-50 avro artır.

Finlandiyada valideynlər bir uşaq üçün təxminən 100 avro alırlar. Hər bir növbəti ailə üzvü üçün ödənişlərin miqdarı əhəmiyyətli dərəcədə dəyişmir və uşağın yaşından asılı deyil.

İtaliyada uşaq müavinətləri birbaşa valideynlərin illik gəlirindən asılıdır və orta hesabla ayda 39 avro ola bilər.

İspaniyada hər bir uşağa 25 avro ödənilir, bu o halda verilir ki, ailənin gəliri orta səviyyədən yüksək olmasın.

Şərqi və Cənubi Avropa

Bu ölkələrdə uşaqlar üçün ödənişlər bir qədər azdır. Məsələn, Macarıstanda bir uşaq üçün ödəniş ayda 39 avro, Slovakiya və Çexiya respublikalarında isə təxminən 23 avrodur.

 

Müsahibəni apardı:

Əsli ƏHMƏDOVA