Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təşkilatımızın sıralarını yeni sahibkarlıq subyektlərinin işçiləri hesabına genişləndirməliyik

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının VIII hesabat-seçki konfransı kecirilib

12.06.2024 13:26
16
A+
A-

Konfrans öncəsi Respublika Komitəsinin sədri   Mirkazım Abasov və nümayəndələr Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, Şəhidlər xiyabanında Vətənimizin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının iyunun 12-də keçirilən VIII hesabat-seçki konfransı uğurlarla yanaşı, mövcud problemlərə də öz işində geniş yer ayırdı. Deyildi ki, ölkəmizdə mövcud olan iqtisadi və sosial siyasət tempi ilə ayaqlaşa bilmək üçün həyata keçirilən daxili struktur dəyişiklikləri qarşımızda yeni perspektivlər açıb. Biz bu imkandan faydalanmaq istəyiriksə islahatları davam etdirməli, təşkilatımızın sıralarını yeni sahibkarlıq subyektlərinin işçiləri hesabına genişləndirməliyik. Konfransa hesabat məruzəsi ilə çıxış edən sahə Hİ Respublika Komitəsinin sədri Mirkazım Abasov ötən ilin aprel ayında keçirilmiş VII plenumu xatırlatdı. “AHİK sədri, millət vəkili Səttar Möhbalıyev həmin plenumda çıxış edərək köhnə heyətin ünvanına tənqidi fikirlər söyləmişdi. Yeni heyətin qarşısında çıxış yollarını özündə ehtiva edən vəzifələr qoymuşdu. Onun plenumdakı nitqi və tənqidi qeydləri, iradları tərəfimizdən proqram sənədi kimi qəbul edilmiş və plenumdan dərhal sonra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Respublika Komitəsinin təşkilati struktur quruluşu təkmilləşdirilmiş, qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət gücləndirilmişdir. Hər bir əməkdaşın işə məsuliyyəti artırılaraq şəxsi cavabdehliyi demək olar ki, əsasən təmin edilmişdir. Respublika Komitəsində və onun üzv təşkilatlarında intizam qaydaları daha da gücləndirilmiş, işə davamiyyət xeyli dərəcədə möhkəmləndirilmiş, xidməti işə münasibət əsaslı şəkildə yaxşılaşdırılmışdır. Öncə vakant ştat yeri olan rayonlar ciddi narahatçılıq doğurduğundan bu sahəyə diqqət artırılmışdır. Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal rayonlarına, eləcə də Ağdam, Biləsuvar, Gədəbəy, Göygöl, İmişli, Qubadlı, Lerik, Yardımlı, Masallı, Zərdab rayonlarına və Şuşa şəhərinə yeni sədrlər seçilmişdir. Hazırda onlar öz fəaliyyətləri ilə etimadı doğrultmaqdadırlar.

Yarıtmaz işlərinə görə Bakı şəhərinin Yasamal, Suraxanı, eləcə də Füzuli, Beyləqan, Şirvan, Siyəzən, Qusar, Kəlbəcər, Şabran, Qobustan, Neftçala, Sabirabad, Tərtər rayon, Mingəçevir şəhər komitələrinin keçmiş sədrləri hesabat-seçkilərdə ittifaq üzvlərinin səsini qazana bilməmişlər.

M.Abasov qeyd etdi ki, VII plenumda deyilən iradlardan sonra Respublika Komitəsində strukturun təkmilləşdirilməsi nəticəsində həmkarlar ittifaqı işinə ümumi maraq nəzərəçarpacaq dərəcədə artmış, yeni üzvlər cəlb etmək üçün müxtəlif üsul və vasitələrdən, forma və metodlardan geniş istifadə edilmişdir. Özəl sektorda son 6 ildə 83 şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. VII plenumdan sonra bu siyahıya daha 24 şirkət əlavə olundu. Hazırda Respublika Komitəsinin ətrafında 1422 ilk həmkarlar ittifaqı təşkilatı birləşir. Bu təşkilatlar 28133 həmkarlar ittifaqı üzvünü əhatə edir. Xidmət sahəmizdə 49 şəhər və rayon, 3 birləşmiş həmkarlar ittifaqı komitəsi var. Respublika Komitəsinin plenumunun 10, Rəyasət Heyətinin 29 iclası keçirilib.

Mirkazım müəllim dedi ki, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Respublika Komitəsinin iş prinsipinə uyğun olan yeni kollektiv müqavilə forması hazırlanaraq şəhər və rayon komitələrinə, o cümlədən yeni yaradılan ilk təşkilatlara göndərilmişdir. Hazırda sıralarımıza yeni cəlb olunmuş bütün təşkilatlar, 2023-2025-ci illər üçün nəzərdə tutulmuş kollektiv müqavilələr əsasında fəaliyyət göstərir. Əvvəlki illərdə bağlanmış kollektiv müqavilələrin yenilənməsi məqsədilə regionlarda müşavirələr keçirilmiş, yeni kollektiv müqavilə forması təşkilatlara paylanmışdır. Bəzi çətinliklərə baxmayaraq, həmkarlar ittifaqlarının şəhər, rayon və birləşmiş komitələri, ilk həmkarlar ittifaqı təşkilatları işçilərin sosial müdafiəsinin əsas mexanizmlərindən biri olan kollektiv müqavilənin şirkət və müəssisələrlə bağlanması işində ciddi dönüş yaratmışdır.

Məlum olduğu kimi, həmkarlar ittifaqının əsas vəzifələrindən biri də müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz əməyin təşkili və istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasıdır.

Bu sahədə də müəyyən uğurlara imza atmağı bacarmışıq. Xidmətimizdə olan bir neçə müəssisənin AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirdiyi Respublika müsabiqəsində qaliblər sırasında olması bu fikrimə ən yaxşı sübutdur.

Məruzəçi sonra dedi, hesabat illərində Respublika Komitəsi üzv müəssisə və təşkilatlarda hüquqi təbliğata geniş yer vermiş, əmək münasibətlərində işçilərin və işəgötürənlərin hüquq normalarına əməl etmələri, sahibkarların hüquqi cəhətdən daha çox maarifləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Hüquq müfəttişliyi üzv təşkilatların, sosial-əmək hüquqlarının və mənafelərinin tam həcmdə müdafiə edilməsi, həmkarlar ittifaqı üzvlüyünə maddi və mənəvi marağın artması sahəsində ardıcıl olaraq tədbirlər həyata keçirmişdir. Respublika Komitəsində təşkilatların yol xəritəsini müəyyən edən əl kitabçaları hazırlanaraq üzv təşkilatlara göndərilmişdir. “Həmkarlar ittifaqı təşkilatının mövqeyi və sahibkarların marağı”, “Həmkarlar ittifaqı yaratmaq üçün hüquqi əsaslar”, “Sənin həmkarlar ittifaqı təşkilatın sənin müdafiəçindir”, “Dövlət, həmkarlar ittifaqı və sahibkar”, “Gənc sahibkar, bunları bilmək vacibdir”, “Hİ-yə üzv ol, iş yerinə təminat al” və sair mövzularda seminarlar təşkil olunmuşdur.

Məruzədə digər məsələlərə də toxunuldu. Məruzə ətrafında çıxışlarda hesabat məqbul sayıldı və qəbul edildi. Təşkilati məsələyə baxıldı. Mirkazım Abasov yenidən Respublika Komitəsinin sədri, Mehman Fərzəliyev sədr müavini seçildilər.

Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov çıxış etdi, tövsiyələrini verdi.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto