Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


20 Sentyabr Azərbaycan Neftçiləri Günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur

18.09.2024 11:41
40
A+
A-

1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.

XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək, alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamışdır.

Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu.

1970-1980-ci illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.

Aparılan geoloji-kəşfiyyat işləri Xəzər dənizinin dərinliyi 200 metrdən çox olan digər hissələrində də neft ehtiyatları olduğunu göstərdi. Məhz bu amil nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Dərin Özüllər Zavodu tikilib istifadəyə verildi.

Ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən sonra neft sənayesində də çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. Yeni neft strategiyası və doktrinası irəli sürülərək, dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanmışdır.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “əsrin müqaviləsi” imzalandı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu müqavilə Azərbaycan neft tarixinin şanlı səhifəsini açdı. Məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni neft strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr “Neftçilər Günü” kimi təsis olundu. Həmin vaxtdan başlayaraq hər il bu bayram dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, neftçilərimizin fədakar əməyi sayəsində əldə edilən yüksək sosial-iqtisadi quruculuğun fonunda böyük əhval-ruhiyyə ilə qeyd edilir.

Bu, Ümummilli Liderin neft-qaz strategiyasını var qüvvə ilə həyata keçirən neftçilərin əməyinə verilən yüksək dəyərin rəmzi oldu. Dövlətimiz çətin və şərəfli neftçi əməyini daim yüksək qiymətləndirir və dərin etimad göstərir. Bu bayram münasibətilə, Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə yüzlərlə sahə işçimiz müxtəlif dövlət ordeni və medallarla təltif edilmiş, Fəxri adlara layiq görülmüşlər.

Bu gün Azərbaycan Xəzər hövzəsində neft və qaz yataqlarının birgə işlənilməsi sahəsində bir çox ölkələrlə, dəyəri milyardlarla ABŞ dolları ilə ölçülən beynəlxalq sazişlər imzalayıb.

Azərbaycan neft və qaz sənayesinin 30 ildə keçdiyi inkişaf yolunu təhlil etdikdə, Ulu Öndər Heydər   Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun strukturlarının gördüyü işləri özündə əks etdirən maraqlı faktlar ortaya qoyulur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm enerji layihələrinə imza atan ölkəmiz davamlı və dinamik sosial-iqtisadi inkişaf yolunda inamla addımlayır. Neft-qaz sənayesinin uğurları qeyri-neft sektorunun inkişafına da güclü təkan verərək iqtisadi yüksəlişin təminatına çevrilmişdir. Bunun bariz nümunəsi cari ilin noyabr ayında Azərbaycan Respublikasında keçiriləcək COP 29 tədbiridir.

Beləliklə, 1994-cü il sentyabrın 20-si imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.

Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.

Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesi böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək, hər il olduğu kimi, bu il də sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi və “Əsrin müqaviləsi”nin 30 illiyi kimi qeyd olunur.

Əminliklə söyləyirik ki, Azərbaycan neftçiləri neft-qaz sənayesi salnaməsinə yeni-yeni parlaq səhifələr yazmaq üçün bundan sonra da səylərini əsirgəməyəcək,Vətənimizin, xalqımızın daha işıqlı gələcəyi naminə əzmlə çalışacaq, ölkəmizin sosial-rifah yüksəlişinə dəyərli töhfələrini davam etdirəcəkdir.

 

Cahangir ƏLİYEV,

Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri

ETİKETLƏR: