Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbələr mükafatlandırılıblar

.

02.11.2022 10:16
15
A+
A-

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ)  Respublika Komitəsinin (RK) Adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə ATİAHİ  Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev, Respublika Komitəsinin sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarının tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri , tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək tələbələrə Adlı təqaüdün yaranma səbəbləri və məqsədləri barədə məlumat vermişdir. Demişdir ki, Adlı təqaüd 1995-ci ildə təsis edilmişdir. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay imtahan sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanmışdır. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcəkdir. Bu Adlı təqaüdün təsis olunmasında məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir.

Daha bir təsisatımız - “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsi də artıq ənənə halını almışdır. Bu müsabiqənin qarşısında duran hədəf tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalları müəyyənləşdirmək, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.

Səttar müəllim qeyd etdi ki, bu və digər müsabiqələr, yarışlar, intellektual oyunlar və sair tədbirlər təşkilatımızın çoxsahəli gənclər siyasətinin tərkib hissəsidir.

Hər birinin öz istiqaməti və gənclərimizin cəmiyyətə layiq vətəndaş kimi formalaşmasında təsir gücünə malik rolu var. Biz hələ də tələbələrin sosial durumunu da gənclər siyasətinin mühüm hissəsi sayırıq. Aztəminatlı ailənin üzvü olan tələbələrin maliyyə imkanlarını artırmaq üçün addımlar atırıq. Bir neçə yüz tələbənin ali məktəb yeməkxanalarında pulsuz qidalanmasını təşkil edirik.

Hörmətli tələbələr!

Bütün bunların sayəsində biz nəyə nail oluruq? İlk növbədə savadlı kadr yetişdirilməsi işində ali məktəblərə yardımçı oluruq.

Əmək bazarına gələcək gənclərə indidən ictimai vərdişlər öyrədirik. Vətənpərvərlik tərbiyələrinin formalaşmasında, bədən tərbiyəsinə, idmana həvəs göstərmələrinə, beləliklə, pis vərdişlərdən uzaq durmalarına çalışırıq və buna müvəffəq də oluruq.

S.Möhbalıyev bildirdi ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır.

Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi.

Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu.

Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu.

2022-ci ilin fevral ayında cənab Prezident gənclərin inkişafına istiqamətlənmiş daha bir sənədə imza atdı. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olundu. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını təmin üçün hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasıdır.

Bu Dövlət Proqramının icrası müddətində ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd müasir, müstəqil Azərbaycanın inkişafında gənclərin potensialından səmərəli istifadə etməkdir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük Vətən müharibəsində bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.

Səttar müəllim çıxışının sonunda inandığını bildirdi ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək, gənclərimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər.

O, bir daha Adlı təqaüdə layiq görülmüş hər bir tələbəni təbrik etdi, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzuladı.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə Respublika Komitəsinin Adlı təqaüdü  və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar təqdim edilib. 

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin IV kurs tələbəsi, fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İmran Bayramov çıxış edərək universitetdə komitənin fəaliyyətindən söz açıb, tələbələrin ictimai fəallığının artırılması, universitet həyatına inteqrasiyası və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən mütərəqqi islahatları diqqətə çatdırıb.

Tədbirdə  çıxış edən digər tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab       İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir.

Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına        təşəkkür ediblər.

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto