Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Artıq ölkənin ərzaq bazarında təhlükəsizliyin təmin olunması ilə bağlı real addımlar atmaq mümkün olacaq

.

30.11.2022 12:29
2
A+
A-

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən hər il müəyyən edilən qaydada ərzaq balansı tərtib olunur.

Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.

Məsələyə aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Eldəniz Əmirova müraciət etdik. Eldəniz müəllim dedi ki, qanuna dəyişiklik edilməsi bir az insanlar arasında çaşqınlıq yaradıb. Əslində ərzaq bazarının dövlət tərəfindən tənzimlənməsi dedikdə, bu, qiymətlərin tənzimlənməsi demək deyil: “Burada söhbət ərzaq təhlükəsizliyi üçün ərzaq həcmlərinin tənzimlənməsindən gedir. Yəni hər hesabat dövrü ərzində hansı ərzaq məhsullarının nə qədər istehsal olunması, nə qədər tədarük edilməsi, hansı formada saxlanılması, bir sözlə, ölkənin ərzaq bazarı ilə bağlı mövcud vəziyyəti (burada söhbət qiymətdən getmir) planlaşdırılır. Sadə dillə izah etsək, nazirlik öz tabeliyində olan alt quruma belə bir bazanın idarə edilməsi ilə bağlı göstərişlərini verir və bu alt qurum aidiyyəti təsərrüfat subyektlərinə sorğu göndərir. Bu subyektlər də informasiyanı bazaya daxil edir və nəticədə hansı məhsuldan nə qədər istehsal, nə qədər tədarük olunduğu, anbarlardakı vəziyyətlə bağlı məlumatlar detallı şəkildə bazada toplanır. Sonra isə artıq ölkənin ərzaq bazarında təhlükəsizliyin təmin olunması ilə bağlı real addımlar atmaq mümkün olur.

Onu da qeyd edim ki, ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir. Burada qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normallaşdırılması və sertifikatlaşdırılması, qida zəncirində fəaliyyətin uçotu və nizamlanması, ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması, istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə nəzarət və ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin, xarici sərmayələr də cəlb edilməklə, maliyyələşdirilməsi nəzərdə tutulur”.

Ekspert dedi ki, burada əsas məsələlərdən biri də bu mexanizmin işləməsini təmin etməkdir: “Düzdür, qanunda tələb şəklində qoyulur ki, məlumatlar 15 iş günü ərzində təqdim edilməlidir. Ancaq təkcə məlumatın təqdim edilməsi ilə iş bitmir. Eyni zamanda məlumatın doğruluğunu da müəyyənləşdirmək lazımdır. Yalnış informasiya ərzaq bazarının təhlükəsizliyinin təmin olunmasında ciddi fəsadlara yol aça bilər. Unutmamalıyıq, yalnış məlumat məlumatsızlıqdan daha təhlükəlidir”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto