Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məqsəd əmək bazarında müasir bacarıqlara malik kadrların sayının artırılmasıdır

Göndərilən tələbələrin xarici dil bilikləri, IELTS, TOEFL kimi beynəlxalq dil sertifikatları tələb olunacaq

07.12.2022 12:03
188
A+
A-

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” üzrə 2023-cü ildə təhsil alacaq hər bir tələbə üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılır. Yeni qəbul olunmuş Dövlət Proqramı ilə bağlı suallarımızı təhsil üzrə ekspert Elçin Əfəndi cavablandırdı.

-Elçin müəllim, proqramın məqsədi, hədəfləri və yeniliklər barədə nə deyə bilərsiniz?

- Dövlət Proqramının məqsədi ölkənin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.  Buna nail olmaq üçün isə istedadlı gənclərin, o cümlədən beynəlxalq fənn olimpiadaları qaliblərinin, habelə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc mütəxəssislərin nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsilini təmin etmək şərtdir.  Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır. 80 faizə yaxın magistr, 20 faiz isə bakalavr pilləsi üzrə dövlət hesabına xaricdə təhsil mümkün olacaq.

 - Bakalavriat və magistratura pillələri üzrə seçim zamanı daha çox hansı üstünlüklərə malik olanlara yer veriləcək?

  -Ümumiyyətlə, göndərilən tələbələrin xarici dil bilikləri, IELTS, TOEFL kimi beynəlxalq dil sertifikatları tələb olunacaq. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə, magistratura səviyyəsində isə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük veriləcək. Bundan əlavə, onların təhsil almaq istədikləri universitetlərin  beynəlxalq reytinq siyahısında yer alması, eyni zamanda təhsil almaq istədikləri ixtisasların dövlət üçün prioritet ixtisaslar siyahısında (informasiya texnologiyaları, mühəndislik, statistika, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) olması vacibdir. Uyğunluq olduğu halda, proqramdan yararlanmaq üçün  həmin vətəndaşlar Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər. Kriteriyalara cavab verənlərin təhsil haqları dövlət tərəfindən qarşılanacaq.

 -Elçin müəllim, dünyada xarici ölkələrdə təhsil alan gənc və tələbələrinin sayına görə ilk onbeşlikdə yer alan Türkiyənin təcrübəsinə nəzər salsaq, qeyd edə bilərik ki, hər il qardaş dövlətdən təxminən 20 min gənc, tələbə təhsil üçün Aİ ölkələrinə gedir. 3 qurum: dövlət, xaricdəki universitetlər və ölkədə bəzi özəl müəssisələr hesabına pulsuz təhsil əldə edən tələbələr arasında üstün zəkalılar seçilir. Şərt isə ondan ibarətdir ki, tələbələr təhsil məqsədilə minimum 2 ay, maksimum 1 il başqa ölkədə qalıb Türkiyəyə qayıtmalıdırlar. Bizim təhsil proqramında belə bir şərt varmı ki, tələbələr ölkəyə qayıdaraq  burada xidmət etməlidirlər?

-Bəli, bizdə  də təhsil üçün xaricə göndərilən vətəndaşlar qarşısında bir sıra şərtlər qoyulacaq. Hansı ki, bu günə kimi belə qaydalar qoyulmamışdı. Dövlət hesabına göndərilən tələbə və gənclər təhsillərini bitirdikdən sonra mütləq ki, geri qayıdıb göndərilən ixtisas sahələri istiqamətində ehtiyac olan yerlərdə çalışmalıdırlar ki, ölkənin əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayı artsın.

 - Türkiyədə daha çox  Almaniya, Avstriya, Finlandiya, İsveç, Norveç kimi ölkələr seçilir və hər tələbəyə aylıq 600 avro (1063 manat) ayrılır. Bizdə hansı ölkələrə seçim olacaq və hər təhsilalan üçün nə qədər məbləğ ayrılıb?

- Qeyd edim ki, xaricdə təhsil almaq istəyənlər əsasən Avropa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Cənubi Koreya, Yaponiya, Çin kimi ölkələrin beynəlxalq reytinqə düşən universitetlərində dövlət üçün prioritet olan ixtisaslarda təhsil ala biləcəklər.  Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalavr təhsili üçün ayrılıb. Hər bir tələbə üçün orta illik xərc 51 min manat olduqda, aylıq təxminən  4-5 min manat deməkdir. Həmin tələbələrin təhsil xərcləri bu məbləğlə tam qarşılanır, orada qalmaq, yol xərclərinə isə dəstək olunur.

Əsli TELMANQIZI

ETİKETLƏR: