Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Üç yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsi hansı hallarda pozula bilər? Bu halda cinayət məsuliyyəti nəzərdə tutulubmu?

Sevda ƏLİYEVA, Abşeron rayonu.

14.02.2024 12:47
15
A+
A-

 Üç yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsi hansı hallarda pozula bilər? Bu halda cinayət məsuliyyəti nəzərdə tutulubmu?

Sevda ƏLİYEVA,

Abşeron rayonu.

 

- Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağın üç yaşı tamam olanadək ana və ya ailənin hər hansı bir üzvü uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət hüququndan yazılı ərizəyə əsasən tam və ya hissə-hissə istifadə edə bilər. Lakin bu heç də o demək deyil ki, bu məzuniyyətdən mütləq istifadə etmək lazımdır. Hamiləliyə və doğuma görə məzuniyyət qurtarıbsa, işçi istədiyi vaxt ərizə ilə müraciət edib işə qayıda bilər.

Eyni zamanda bildiririk ki, bəzi istisnalar olmaqla, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilir.

Bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsinə (müddətli əmək müqaviləsi) şamil edilmir.

Üç yaşınadək uşağı olması səbəbindən qadınlarla əmək müqaviləsini pozan işəgötürənlər üçün Cinayət Məcəlləsində xüsusi maddə nəzərdə tutulmuşdur:

Məcəllənin “Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma” adlanan 164-cü maddəsinə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğvetmə beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

Körpə uşağı (üç yaşına çatmamış) olması səbəbindən, qeyd olunan maddələr istisna olmaqla, işəgötürən əmək müqaviləsinə xitam verə blməz, belə hərəkət edərsə, onun haqqında Cinayət Məcəlləsində göstərilən cəza tətbiq olunar.

 

Eşitmişəm ki, işləyən şəxslərə iş yerindən rəhmətə getdiyi zaman onun vərəsələrinə müəyyən miqdarda müavinət verilir. Bilmək istəyirdim ki, bu, doğrudan da belədir? Əgər pul verilirsə, bu pulu kim, haradan və necə almalıdır?

 

Aslan MƏMMƏDLİ, Biləsuvar rayonu.

                

- Əmək Məcəlləsinin 74-cü maddəsində tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları qeyd edilmişdir. Maddənin “e” bəndinə əsasən, işçi vəfat etdikdə də, tərəflərin (işəgötürən və işçi) iradəsindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verilir.

Bu zaman qanunvericilikdə müəyyən edilmiş təminatların verilməsi üçün 77-ci maddənin 7-ci hissəsində birbaşa göstəriş var: - işçinin vəfatı ilə əlaqədar əmək müaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Sualınızın bir hissəsi də veriləcək müavinətin kimlər tərəfindən və haradan alınmasıdır. Həmin müavinət vəfat edənin vərəsələrinin yazılı müraciəti əsasında verilir. Bu zaman vəfat edənin ölüm haqqında şəhadətnaməsinin surəti də müraciətə əlavə olunaraq işəgötürənə verilir. İşçinin vəfatı ilə əlaqədar əməkhaqqının azı üç misli miqdarında müavinət həmin müraciətdən sonra iş yerindən verilir.

 

Uşağa qulluğa görə haqqı qismən ödənilən sosial məzuniyyətdəyəm. Uşağın 3 yaşı tamam deyil, amma mənim ikinci uşağım doğuldu. Xəstəlik vərəqəsini idarəyə təqdim etdim. Staj hesablanarkən sosial məzuniyyətdə olduğum müddət bura daxil edilməlidirmi?

 

Günel MİRZƏYEVA, Sumqayıt şəhəri.

 

- Sualınızdan məlum olur ki, ƏM-in 127-ci maddəsinə uyğun olaraq, uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü haqqı qismən ödənilən sosial məzuniyyət hüququndan istifadə etmisiniz. Bu məzuniyyət zamanı ikinci hamiləliyə və doğuma görə məzuniyyətə çıxmısınız.

Əmək Məcəlləsinin 132-ci maddəsi ilə məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər müəyyən edilmişdir. Maddənin ikinci hissəsinə əsasən, 127-ci maddədə qeyd edilən qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil deyil. Odur ki, həmin müddət məzuniyyət hüququ verən əmək stajı kimi hesablanmayacaq.

ETİKETLƏR: