Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ötən il nələrlə yadda qaldı

Həmkarlar ittifaqı həyatı:

21.02.2024 22:10
5
A+
A-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsi 2014-cü ildən struktur bölməsi kimi fəaliyyət göstərir, beynəlxalq və daxili reyslər üzrə uçuşları yüksək səviyyədə həyata keçirir.

İdarədə işləyən 1240 nəfərin hər biri həmkarlar ittifaqının üzvüdür. Uçuş heyəti üçün sağlam iş şəraitinin yaradılması ilə bağlı məsələlər rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi tərəfindən operativ həll olunur.

HİK hər bir işçi ilə sıx əlaqədədir. Hər il bütün uçuş heyəti üzvlərinin və dispetçerlərin “Azərbaycan Hava Yolları” QSC-nin Tibbi-Sanitar İdarəsində tam dövri müayinədən keçməsinə, obliqat qrupda işləyən işçilərin müayinə ilə tam əhatə olunmasına ciddi fikir verilir. Həkim-Uçuş Ekspert Komissiyasının rəyi və tərtib edilmiş yekun aktların nəticələrinə əsasən, müalicəyə ehtiyacı olan həmkarlar ittifaqı üzvləri sanator-kurort yollayışları ilə təmin olunurlar. Respublikadan kənarda yerləşən sanatoriya və pansionatlara müalicə məqsədilə uçuş heyətinin üzvlərinə verilmiş yollayışların 50 faizinin dəyəri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilir. Eyni zamanda yay mövsümündə işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkili məqsədilə “Riverin”, Oberlüks”, “Nazlı Bulaq”, “Park Qusar, “Xəzər” istirahət mərkəzlərində ikigünlük istirahətləri təşkil edilmişdir.

Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsi normal iş şəraitinin yaradılmasına, əməyin mühafizəsi qaydalarına düzgün riayət olunmasına, işəgötürənin nümayəndələri tərəfindən təlimatların qanunauyğun şəkildə işlənib hazırlanmasına nəzarəti həyata keçirir.

Həmkarlar ittifaqı komitələrində kargüzarlıq  işinin düzgün qurulması və qeydiyyatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kargüzarlığa dair tövsiyələrinə uyğun olaraq aparılır və Respublika Komitəsi tərəfindən hər cür əməli və praktik köməklik göstərilir. Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə 2023-cü il ərzində 312 yollayış, 66 maddi yardımla bağlı ərizə daxil olmuşdur. Daxil olan ərizələrin hər biri qeydiyyata alındıqdan sonra icraya yönəldilib. Respublika Komitəsinin müraciəti nəzərə alınaraq I, II Qarabağ müharibəsi veteranlarına verilən sanatoriyalara, istirahət mərkəzlərinə yollayışların qiymətinin 15 faizi QSC tərəfindən ödənilir.

Sərnişin Aviasiya Şirkətinin struktur bölmələrində işləyən İkinci Qarabag müharibəsi iştirakçılarının hər birinə Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına əsasən, Həmkarlar İttifaqı Komitəsi tərəfindən 8 Noyabr-Zəfər Günü ilə əlaqədar 200 manat maddi yardım verilmişdir.

31 May - Ümumdünya Təyyarə Bələdçiləri Günü münasibətilə mülki aviasiyanın inkişafında xüsusi xidmətləri olmuş bir qrup təyyarə bələdçisi  Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif olunmuşdur. Hər il milli bayramlarımız, 2 İyun - Mülki Aviasiya İşçilərinin Peşə Günü və digər əlamətdar günlər münasibətilə Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş tədbirlər yüksək səviyyədə keçirilmişdir.

İşçilərin hüquqlarının qorunması Sərnişin Aviasiya Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin komitə üzvləri qarşısında daima gündəlikdə duran ən mühüm məsələlərdəndir.

2023-cü il ərzində Sərnişin Aviasiya Şirkətinin Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə əsasən, 7 təqdimat daxil olmuşdur. Həmkarlar İttifaqı Komitəsində həmin işçilərin iştirakı ilə keçirilmiş iclasda hava gəmisinin ikinci pilotu olan 3 əməkdaş ilə əmək müqaviləsinin ləğvinə razılıq verilməmişdir. Bir işçinin başqa işlə təmin olunması üçün işəgötürənə edilmiş müraciət müsbət həll edilmişdir. Qalan iki əməkdaşla bağlanmış əmək müqaviləsinə onların öz xahişləri ilə xitam verilməsinə HİK razılıq vermişdir.

Sərnişin Aviasiya Şirkətinin struktur bölmələrində, hər bir vəzifəyə uyğun olaraq, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına dair təlimatlar işlənib hazırlanmışdır.

Aviasiya İşciləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi Habil Qəribov, hüquq müfəttişi Rasim Aslanov və ilk təşkilat sədrlərinin iştirakı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları Baş İdarəsinin Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Mülki Müdafiə Şöbəsində, Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsində istehsalat zədələnmələrinin qarşısının alınması, əməyin mühafizəsi üzrə norma və qaydalara əməl olunması, iş yerlərində əməyin mühafizəsinin təşkili, işçilərin əməyinin mühafizəsi üzrə biliklərin artırılması və yoxlanılması sahəsində görülən işlərin vəziyyəti araşdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə aprel ayının 26-dan may ayının 10-dək Qapalı Səhmdar Cəmiyyətinin struktur bölmələri və H.Əliyev Beynəlxalq Aeroportun ərazisində xidmət göstərən təşkilatlar arasında minifutbol, qaçış (1000 m.), turnikdə dartınma, daşqaldırma, nərd və şahmat idman növləri üzrə keçirilmiş yarışlarda Sərnişin Aviasiya Şirkətinin idmançıları 3-cü yerin sahibi olmuşlar.

Digər idman yarışlarını da təşkil etməklə həmkarlar ittifaqı üzvlərinin sağlamlığına, aktiv həyat yaşamasına öz töhfələrini vermişdir.

 

İlhamə HEYDƏROVA,

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri

ETİKETLƏR: