Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qısaldılmış iş vaxtı kimlərə şamil olunur  və işçi qanunla hər gün neçə saat işləməlidir?

İlqar SƏMƏDOV, Gəncə şəhəri.

21.02.2024 23:04
34
A+
A-

Qısaldılmış iş vaxtı kimlərə şamil olunur  və işçi qanunla hər gün neçə saat işləməlidir?

İlqar SƏMƏDOV, Gəncə şəhəri.

 

- Sizin suallarınızla bağlı məsələlər öz əksini Əmək Məcəlləsinin 89-91-ci maddələrində tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Həmin Məcəllənin 90-cı maddəsinə uyğun olaraq Azərbaycanda, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, müvafiq normativ-hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizm funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

 

Sosial müavinət almaq üçün ASAN xidmətə müraciət etdim. Dedilər ki, 62 yaşı olanlara sosial müavinət düşmür, qanun dəyişilib və yaş həddi də dəyişilib. Bu, doğrudurmu?

 

Gülnarə KƏRİMOVA,

Bakı şəhəri.

 

-”Sosial müavinətlər haqqında” qanuna əsasən, əmək pensiyası almaq hüququ olmayan 62 yaşına çatmış qadınlar və 67 yaşına çatmış kişilər əmək qabiliyyəti olmayan şəxslər hesab edilir və onlara sosial müavinət təyin  edilirdi.

Lakin 16 dekabr 2019-cu ildə “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edildi. Artıq 2020-ci ilin yanvar ayının 1-dən etibarən yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırıldı, hər iki sosial təminat növü üzrə hüquq yaradan yaş həddi eyniləşdirildi.

Hazırda sosial müavinət almaq üçün yaş həddi qadınlar üçün 63 il 6 ay, kişilər üçün 65 yaş müəyyən edilmişdir.

Yeni dəyişikliklə “Sosial müavinətlər haqqında” qanunun 1.0.2. maddəsinə əsasən, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan ço-x olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Sosial müavinətlər də artıq qanunda göstərilənlərə uyğun olaraq hesablanacaq. Yəni yaş həddi hər il 6 ay artırılmaqla, əmək pensiyalarında olduğu kimi, sosial müavinətlərdə də qadınlar və kişilər üçün eyniləşəcək. Bu proses kişilərdə başa çatmış, qadınlarda isə 65 yaş həddi tamam olana qədər (2027-ci ilə qədər) davam edəcək.

ETİKETLƏR: