Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin geniş tərkibdə iclası

Səttar müəllim hesabat-seçki kampaniyasında gender bərabərliyinə diqqət yetirməyi, bacarıqlı, savadlı, ictimai işlərdə fərqlənən gənclərə etimad göstərməyi tövsiyə etdi.

03.04.2024 11:29
10
A+
A-

Aprelin 1-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin geniş tərkibdə iclası olmuşdur. İclası giriş sözü ilə Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açmışdır. O, gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır. Ölkəmizdə təhsilin, təhsil sahəsində çalışan insanların əmək, sosial durumu barədə fikirlərini söyləmişdir. Azərbaycan təhsilinin inkişafı istiqamətində atılan addımların uğurlu nəticələr verməsi üçün həmkarlar ittifaqlarının məsuliyyətli rola və böyük imkanlara malik olduğunu söylədi. Səttar müəllim çıxışında hazırda keçirilməkdə olan hesabat-seçki kampaniyasına xüsusi yer ayırdı. Dedi ki, bu, çox mühüm kampaniyadır. Həmkarlar ittifaqının həyatında xüsusi yeri olan hadisədir. Keçirilən yola nəzər gələcək fəaliyyətə istiqamətlərin hazırlandığı, növbəti vəzifələrin müəyyənləşdirildiyi məqamdır. Ona görə də hesabat-seçkilərdə ittifaq üzvlərinin fəal iştirakına münbit şərait yaradılmalı, komitələrin hesabat dövründə gördüyü işlər obyektiv təhlil olunmalıdır. Şəffaflıq, demokratiya prinsipləri əsas götürülməlidir. Seçkilərdə, seçicilərin səsi, istəyi nəzərə alınmaqla, komitələr formalaşmalıdır. Heç bir kənar təsirə imkan verilməməlidir.

S.Möhbalıyev onu da qeyd etdi ki, hesabat-seçki yığıncaqlarında, konfranslarında yuxarı təşkilatların məsul işçiləri mütləq iştirak etməli, qeydlərini götürməli, onların təhlilini aparmalı, beləliklə, iş üsulunu təkmilləşdirməlidirlər.

Belə olarsa, ilk təşkilatilarımızın müstəqilliyinə, güclü bir dayaq məntəqəsinə, ittifaq üzvlərinin, sözün həqiqi mənasında, güvənc yerinə çevrilməsinə nail ola bilərik. Mən həmişə demişəm, ilk təşkilatların güclü olması, həmkarlar ittifaqının bütövlükdə güclü olması deməkdir.

Səttar müəllim hesabat-seçki kampaniyasında gender bərabərliyinə diqqət yetirməyi, bacarıqlı, savadlı, ictimai işlərdə fərqlənən gənclərə etimad göstərməyi tövsiyə etdi.

Sonra gündəlikdə duran məsələlərin təqdimatına və müzakirəsinə başlanıldı. Əvvəlcə “Respublika Komitəsinin 2023-cü ilə dair ümumi illik statistik hesabatı” dinlənildi və təsdiq olundu. Hesabatda qeyd olunub ki, ötən illə müqayisədə təşkilatın sıraları genişlənib. İttifaq üzvlərinin sayının artımında gənclərin, xüsusilə tələbələrin çəkisi daha çox olub. Respublika Komitəsinə və onun xidmətində olan üzv təşkilatlara əmək hüquqlarının pozulması ilə bağlı daxil olan ərizə və şikayətlər ciddi araşdırılıb. Respublika Komitəsinin müdaxiləsi nəticəsində 6 nəfər əvvəlki işinə qaytarılıb. Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu təşkilatlar isə 32 ittifaq üzvünün işə bərpasına nail ola bilib.

İl ərzində həmkarlar ittifaqı kadrlarının ixtisaslarının artırılması da diqqətdə saxlanılmışdır. Bu məqsədlə üzv təşkilatlardan 140 nəfər əməkdaş Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilən kurslara cəlb olunmuşdur.

“İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə” verilən məlumatda nəzərə çatdırıldı ki, Respublika Komitəsi tərəfindən ayrı-ayrı bölgələrdə, o cümlədən Bakı, Gəncə, Şəki şəhərlərində, Quba, Bərdə,  Astara rayonlarında rayon komitələrinin sədrləri və fəalları, eləcə də Respublika Komitəsinin rəhbər və məsul işçilərinin iştirakı ilə geniş seminar-müşavirələr keçirilmişdir. Seminarlar Respublika Komitəsinin xidmətinə daxil olan bütün şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrini əhatə etmişdir.

Bu tədbirlərdə ittifaqın xidmətində olan ilk təşkilatlarda hesabat-seçkilərin keçirilməsi haqqında təlimatın ayrı-ayrı bəndləri ətraflı təhlil edilmiş, seminar iştirakçılarını maraqlandıran suallara müfəssəl cavablar verilmişdir.

Hesabat-seçkilərin keçirilməsi barədə məlumat “Ülfət” qəzetində dərc edilmiş, Respublika Komitəsi Məclisinin qərarı xidmətdə olan üzv təşkilatlara vaxtında çatdırılmışdır.

Respublika Komitəsinin üzv təşkilatları da öz növbəsində müvafiq yığıncaqlar keçirmiş, hesabat-seçkilərin keçirilməsi ilə əlaqədar  qarşıda duran vəzifələri, seçkilərin vaxtını və görüləcək işləri müəyyən etmişdir.

Hesabat-seçki yığıncaqlarında çıxış edənlər tərəfindən bir sıra təklif də irəli sürüldü. Qeyd olundu ki, bayram günlərində internat məktəblərində növbətçi qalan tərbiyəçilərə əlavə əməkhaqqı ödənilsin. İttifaq üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkilinə dair əlavə tədbirlər görülsün. Təhsil işçilərinə kommunal xərclərin ödənməsi ilə bağlı güzəştlər olunsun, yeni ailə quran təhsil işçiləri üçün torpaq sahələri ayrılsın, məktəblərin istilik sistemi yaxşılaşdırılsın və sair. 

Ali və orta ixtisas təhsili müəssisələrinin bölmə, kafedra, fakültə həmkarlar ittifaqlarının iclaslarında müəllim və tələbələrin hüquqlarının müdafiəsi ilə əlaqədar son zamanlar görülən işlər, ittifaq üzvlərinin istirahəti, təhlükəsizliyi, asudə vaxtının təşkili ilə əlaqədar həyata keçirilən tədbirlər razılıqla qeyd olundu. Eyni zamanda ali və orta ixtisas təhsili məktəblərində çalışan işçilər və təhsil alan tələbələrin mənzil, yataqxana, istirahət zonaları ilə əlaqədar narahatlıqları da diqqətə çatdırıldı.

Təklif olundu ki, ali məktəblərdə çalışan əməkdaşların  təqaüdlərinə yenidən baxılsın, kooperativ mənzillər tikilsin və ali məktəb müəllimlərinə güzəştlə satılmaq üçün torpaq sahələri ayrılsın. Ali təhsil müəssisələrinin korpuslarının bir-birindən uzaq olduğunu nəzərə alaraq xüsusi şəhərciklər salınsın. Tələbə yataqxanaları boşaldılsın və ya yeni yataqxanalar tikilsin.

İclasda “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlərə də baxıldı.

İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.

RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırdı.

 

ETİKETLƏR: