Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minimum əməkhaqqı necə və nə qədər artırılacaq?

Azərbaycanda minimum əməkhaqqının saatla hesablanması nə dərəcədə mümkün ola bilər?

16.05.2024 11:13
16
A+
A-

Dünya Bankı (DB) Azərbaycan hökumətinə əməyin qiymətləndirilməsində yeni meyarların hazırlanması və tətbiqini tövsiyə edib. Bankın yeni beynəlxalq hesabatı hesab edilən “Business Ready” sənədindən irəli gələn tələblərindən biri kimi əməyin qiymətləndirilməsinə yeni baxışın -  minimum əməkhaqqının aylıq hesablanmasından imtina və əməyin dəyərinin saatlıq hesablanması müəyyən edilib. Məqsəd Azərbaycanın əmək qanunvericiliyinin Avropa Sosial Xartiyasının normativlərinə uyğunlaşdırılmasının təmin edilməsidir. Qeyd edək ki, Avropa ölkələrində minimum aylıq əməkhaqqı anlayışı çoxdan ləğv edilib və işçilərin əməyi saatlıq iş dəyərinə görə qiymətləndirilir, bunun əsasında əməkhaqqı müəyyənləşir. Avropada bir saat əməyin dəyəri müxtəlif ölkələrdə fərqli olmaqla orta hesabla 15-30 avrodur. İşçi gün ərzində 8 saat, ayda 170-180 saat çalışdığı halda, onun maaşı 2500-3500 avrodan yüksək olur.

 

Azərbaycanda minimum əməkhaqqının saatla hesablanması nə dərəcədə mümkün ola bilər?

 

Ölkəmizdə minimum əməkhaqqı müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Həmin sosial ödəniş Azərbaycanda qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız  ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab olunur.  Hər bir ölkədə işçinin əməyinin normal ödəniş forması əməkhaqqıdır. Aylıq əməkhaqqı hər bir işçinin müvafiq iş vaxtı ərzində, yəni 8 saatlıq iş rejimi üzrə əmək funksiyasını yerinə yetirməsinə görə, işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin məcmusudur.

“Yaşayış minimumu haqqında” qanunun 1.0.8. maddəsinə əsasən, ixtisassız əmək və xidmət heç bir ali, orta ixtisas təhsili, normal peşə təhsili olmayan bir işçinin əməyi sayılır. Bu qrupa əsasən ekologiya, meşə təsərrüfatı, kommunal xidmət, uşaq bağçaları, bəzi təhsil, mədəniyyət, idman və s. müəssisələrdə çalışan işçilər, fəhlələr, xadimələr, dalandar, bağban, gözətçi, ocaqçı və sair sosial kateqoriyaya aid şəxslər daxildir. Ona görə də bu sahələrdə faktiki olaraq iş saatları digər sahələrdə mövcud olan 8 saatlıq iş rejimindən azdır. Ölkəmizdə hazırda minimum əməkhaqqının məbləği 345 manat təşkil edir. Qeyd edək ki, hazırda Vahid Tarif Cədvəli (VTC) ilə dövlət sektorunda çalışan 200 mindən artıq işləyən vətəndaşın aylıq məvacibi təxminən minimum əməkhaqqı, yəni 345 manata bərabərdir.

Respublikamızda ixtisaslı əmək üzrə çalışanların, daha doğrusu, 8 saatlıq iş rejimində işləyən şəxslərin aylıq ödənişinin məbləği isə orta aylıq nominal əməkhaqqı ilə ifadə olunur. 2024-cü il aprelin 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 985,3 manata çatıb. Ölkəmizdə muzdlu çalışan işçilərin sayı hazırda 1 milyon 749 min nəfər təşkil edir ki, onların 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 850 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Beləliklə, 1 milyon 749 min nəfərdən 200 mini 345 manat alanlardır.
Orta aylıq nominal əməkhaqqının məbləği minimum əməkhaqqından 2,8 dəfə çoxdur və bu o deməkdir ki, 1,5 milyondan çox insan 345 manatdan yüksək maaş alır. Bir məqamı da nəzərə almaq lazımdır ki, ölkəmizdə minimum əməkhaqqı alan işçinin iş rejimi ilə ixtisaslı əməyə görə əməkhaqqı alan işçinin iş yükü fərqlidir, daha doğrusu, əksər sahələrdə çalışanların iş yükü aylıq 100 saatı ötmür. Minimum əməkhaqqı alan minlərlə işçinin sırasında yarımştat, yaxud günəmuzd deyil, 2 gündən bir işləyənlər də üstünlük təşkil edir. Məsələn, mədəniyyət-incəsənət, məktəbəqədər təhsil, meşə təsərrüfatı və s. sahələrdə minimum əməkhaqqı alanların böyük bir qismi yarım iş günü əsasında çalışır. Eləcə də ekologiya,  idman, mənzil-kommunal, ətraf mühit və s. sahələrdə çalışanların böyük bir qismi həftədə 3 gün çalışmaqla  gündəlik 4 saatlıq iş rejimində çalışır. Orta aylıq əməkhaqqı alanların isə günlük iş yükü 8 saat olmaqla, aylıq 172-180 saata bərabərdir.

Əgər əməyin ödənişini saat hesabı ilə hesablasaq, hazırda faktiki olaraq gündəlik 4 saatlıq, yaxud həftəlik 20 iş saatı olan işçi ilə orta aylıq əməkhaqqı 980 manat olan 8 saatlıq (həftəlik 40 saat) iş yükünə malik işçinin əməyinin dəyəri arasında elə bir fərq yoxdur. Yəni gündəlik 8 saat günəmuzd işləyən orta aylıq əməkhaqqı alan işçinin bir saat əməyinin dəyəri 5,5-6 manat təşkil edirsə, gündə 3-4 saat, bəzən daha az çalışan minimum əməkhaqqı alan işçinin bir saat əməyinin dəyəri təxminən 4-4,4 manatdır.
Ona görə də ölkəmizdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının ən azı 70 faizinə yaxınlaşdırılması əsas prioritet hesab edilir və sosial siyasət bu istiqamətə yönəldilib. Bu baxımdan hökumət 2024-cü ilin sonuna qədər bu sahədə yeni təkmilləşdirilmiş təkliflər layihəsi hazırlamaq niyyətindədir. Yeni təkliflər layihəsi, sözsüz ki, Dünya Bankının tövsiyələrinə yaxın olmaqla, əməyin dəyərinin layiqli qiymətləndirilməsinə xidmət edəcək. Bu isə ilin sonunda növbəti ilin dövlət büdcəsi layihəsi qəbul olunarkən minimum əməkhaqqının artırılmasını da gerçəkləşdirmiş olacaq.

Hökumət qarşısında irəli sürülən təkliflərdən biri isə minimum əməkhaqqının artırılması ilə yanaşı, vergidən  azad edilməsi, yaxud əməkhaqqının vergidən azad edilən məbləğinin artırılmasıdır. Hazırda ölkədə əməkhaqqının 200 manatadək olan hissəsi vergidən azaddır. Bu məbləğin 300 manatadək qaldırılması biznes icması və müxtəlif işəgötürən təşkilatlar, iqtisadi qurumlar tərəfindən də dəstəklənməkdədir. Əgər belə bir güzəşt qəbul olunarsa, minimum əməkhaqqı həmin məbləğin daha da artmasına imkan verə bilər.
 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: